Donald Tramp: Alyansdan narazıyam, çünki Birləşmiş Ştatlara qarşı ədalətsiz davranılıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, NATO-dan narazıdır, çünki onun sözlərinə görə, Birləşmiş Ştatlara qarşı ədalətsiz münasibət göstərilib.
Donald Trampın sözlərinə görə, əsas problem ABŞ-ın NATO-ya ehtiyacı olduğu və yardım üçün müraciət etdiyi vaxt yaranıb. Onun iddiasına görə, həmin vaxt bütün müttəfiqlər bundan imtina edib.
Tramp qeyd edib ki, NATO üzvlərinin ABŞ-ın yanında olmalı olduğu vaxt onlar bunu etməyiblər, halbuki ABŞ hər zaman NATO ölkələrinin yanında olub.
“Biz bu ölkələri Rusiyadan qorumaq üçün bir trilyon dollardan çox vəsait xərcləmişik və bunun bizimlə heç bir əlaqəsi yoxdur. Bizim okeanımız var. Bu, uzun müddət davam edib və onlar bizə lazımi şəkildə münasibət göstərməyiblər. Mark bunu başa düşür. ABŞ-a qarşı ədalətsiz davranılıb. Biz qeyri-mütənasib şəkildə daha çox ödəyirik. Elə vaxt olub ki, xərclərin 100 faizini biz qarşılamışıq, bir çox ölkə isə heç nə ödəməyib”, – deyə Donald Tramp bildirib.