ABŞ Ukraynaya dərhal silah göndərəcək – bu barədə ABŞ prezidenti Donald Tramp Ağ evdə NATO-nun baş katibi Mark Ryuteylə görüşdən sonra bəyan edib.
“Biz NATO-ya böyük miqdarda silah göndərəcəyik. Onlar bu silahları Ukraynaya göndərəcəklər və 100 faiz ödəniş edəcəklər. Bu artıq tam təsdiqlənib. Artıq yerinə yetirilib. Biz onlara çoxlu sayda, hər cür silah göndərəcəyik və onlar bu silahları dərhal Ukraynaya çatdıracaqlar. Ödənişi isə tam olaraq onlar edəcəklər”, – deyə Tramp bildirib.
Eyni zamanda, Tramp bir daha vurğulayıb ki, əgər 50 gün ərzində razılaşma əldə olunmasa, Rusiya çox sərt sanksiyalarla üzləşəcək.
“Əgər 50 günün sonunda razılaşma olmazsa, biz bu addımı atacağıq. Bizim başqa seçimimiz qalmayacaq. Bu olduqca sərt sanksiyalardır, biz bunu etmək istəmirik, amma baxaq görək nə baş verəcək. Biz elə bilirdik ki, razılaşma əldə olunmuşdu”, – deyə Tramp qeyd edib.