Donald Tramp – Əgər Los Ancelesə ordu göndərməsəydim, bir zamanlar gözəl olan bu şəhər tamamilə yanardı, necə ki 25 min ev yandı bacarıqsız qubernator və merin günahı ilə
ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Los Ancelesə ordu göndərməsəydi, şəhər tamamilə yanardı, necə ki ötən il baş vermiş yanğınlar zamanı 25 min yaşayış evi yanmışdı. Bu barədə Tramp özünün sosial şəbəkəsi olan Truth Social-da yazıb.
Tramp əlavə edib ki, ştatın qubernatoru və meri həmin evlərin bərpası prosesini gecikdirirlər, halbuki müvafiq federal icazə artıq verilib.
“Son üç gecə ərzində Los Ancelesə ordu göndərməsəydim, bir zamanlar gözəl və möhtəşəm olan bu şəhər tamamilə külə dönəcəkdi – necə ki 25 min ev Los Ancelesdə bacarıqsız qubernator və merin səbəbindən yanıb. Bu arada, həmin evlərlə bağlı daha çətin, uzun və ciddi federal icazəvermə prosesi praktiki olaraq başa çatıb, halbuki daha sadə şəhər və ştat səviyyəli icazələr olduqca dolaşıq vəziyyətdədir və cədvəldən geri qalır. Bu tam bir xaosdur və uzun müddət belə davam edəcək. İnsanlar evlərini bərpa etmək istəyirlər. Bacarıqsız qubernatorunuza və merinizə zəng edin – federal icazə hazırdır,” – deyə Donald Tramp yazıb.
Qeyd edək ki, Kaliforniyada iğtişaşlar cümə günü başlayıb. Miqrasiya xidmətlərinin reydlərinə qarşı keçirilən etiraz aksiyaları zamanı ştatın bir neçə şəhərində nümayişçilərlə hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verib. İğtişaşların fonunda ABŞ prezidenti Los Ancelesə 4 min nəfərlik Milli Qvardiya əsgəri və təxminən 700 dəniz piyadası yerləşdirilməsi barədə göstəriş verib.