Dmitri Peskov: Ukrayna son aylardakı hərəkətlərinin bədəlini ödəyəcək
“Ukrayna son aylarda həyata keçirdiyi əməllərin bədəlini ödəyəcək”, – bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kiyev artıq bunun nəticələri ilə üzləşir.
“Əlbəttə, prezident də bu barədə danışıb. Ukrayna son aylarda həyata keçirdiyi əməllərin bədəlini ödəməli olacaq. Hazırda baş verən də məhz budur. Silahlı qüvvələrimiz xüsusi hərbi əməliyyatı davam etdirir və məqsədəuyğun hesab etdikləri hədəflərə ardıcıl şəkildə zərbələr endirirlər”, – Kreml nümayəndəsi bildirib.
Peskov Rusiyanın prezidentinin ötən cümə günü danışıqların bərpası ilə bağlı verdiyi açıqlamaların Moskvanın danışıqlara hazır olmaq mövqeyinin davam etdiyini ifadə edib-etmədiyi barədə suala cavab verib. Kremlin sözçüsü Rusiyanın milli maraqlarının hər kəsə yaxşı məlum olduğunu bildirib.
“Biz öz təhlükəsizliyimizi təmin etməliyik. Heç kimin 40 gün ərzində Rusiyaya dağıdıcı zərbə endirmək planlarını açıqlamaq həvəsinə düşməməsini təmin etməliyik. Məsələn, Kiyev belə planı açıqlayıb. Məhz bunlar Rusiya Federasiyasının milli maraqlarıdır”, – Peskov qeyd edib.