Dmitri Peskov: Əbu-Dabidə iki gün ərzində aparılan danışıqlar həm konstruktiv, həm də çox çətin olub
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Əbu-Dabidə aparılan danışıqlar çətin, eyni zamanda konstruktiv xarakter daşıyır.
“İş davam edir. İki gün ərzində aparılan danışıqlar konstruktiv olmaqla yanaşı, çox mürəkkəb olub”, – deyə Peskov qeyd edib.
Fevralın 4–5-də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar keçirilib. Görüşdən sonra məlum olub ki, Ukrayna və Rusiya 314 əsirin dəyişdirilməsi barədə razılığa gəlib. Üçtərəfli görüşlərin birinci raundu isə yanvarın 23–24-də baş tutub.
Bununla yanaşı, Dmitri Peskov general-leytenant Vladimir Alekseyevə qarşı həyata keçirilən hücuma da münasibət bildirib və baş verən hadisə barədə Rusiya prezidenti Vladimir Putinin məlumatlandırıldığını qeyd edib.
“Hazırda xüsusi xidmət orqanları öz işlərini yerinə yetirirlər. Təbii ki, dövlət başçısı məlumatlandırılıb. İlk növbədə ona sağ qalmasını və tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, hər şey yaxşı olacaq”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Moskvada general-leytenant Vladimir Alekseyevə silahlı hücum edilib. Naməlum şəxs hərbi yüksək rütbəli şəxsə yaşayış binasının yaxınlığında bir neçə dəfə atəş açıb. Yaralanan general xəstəxanaya yerləşdirilib. Hücumu törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olub.