Dmitri Peskov Donald Trampın Rusiyanın ABŞ-ın seçki sisteminə müdaxilə etməsi ilə bağlı ittihamını təkzib edib – O, xüsusi xidmət orqanlarının yaydığı əsassız məlumatlara istinad edir
Kremlinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanın ABŞ-ın seçki sisteminə müdaxilə etməsi ilə bağlı ittihamını rədd edib.
“Biz bütün ittihamları inkar edirik, onları qətiyyətlə rədd edirik. Rusiya heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb və gözləyirik ki, heç kim də bizim daxili işlərimizə müdaxilə etməyə cəhd göstərməsin”, – deyə Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ-da aparılan bir sıra araşdırmalar Rusiyanın ABŞ seçkiləri ilə əlaqəsinin olmadığını təsdiqləyib.
Peskovun fikrincə, Donald Tramp Amerika xüsusi xidmət orqanlarının yaydığı əsassız məlumatlara istinad edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyanı ABŞ-ın seçki sisteminə yönələn əsas təhdidlərdən biri adlandırmışdı. Tramp bildirmişdi ki, ABŞ-da seçkilərdə istifadə olunan səsvermə avadanlıqları Rusiya, Çin və İran tərəfindən mümkün müdaxilələrə qarşı “son dərəcə həssasdır”.