Dmitri Peskov bildirir ki, taun xəstəliyinin tədqiqatı institutu laboratoriyasının əməkdaşının ölümü ilə bağlı vəziyyətə dair yayılan məlumatların əksəriyyəti saxtadır
Rusiya Sibirdə taun xəstəliyinə qarşı tədqiqat aparan institutun laboratoriya əməkdaşının ölümü barədə müəyyən edilmiş prosedurlara uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Bununla yanaşı, Peskov medianı yalan məlumat yaymaqda ittiham edib.
“Reuters”in yazdığına görə, Kremlin sözçüsü ABC News-un məlumatını nəzərdə tutur. Həmin məlumata əsasən, ABŞ Rusiyaya rəsmi diplomatik etiraz göndərib. Media bildirirdi ki, Vaşinqton insidentlə bağlı Moskvadan daha çox şəffaflıq tələb edir.
“Media çoxsaylı məlumatlar yayır və bu vəziyyətlə bağlı yayılan məlumatların böyük əksəriyyəti saxtadır”, – deyə Dmitri Peskov bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl İrkutskdakı Sibir və Uzaq Şərq Taunla Mübarizə Elmi-Tədqiqat İnstitutunda çalışan laborant Darya Şipilova vəfat edib. Məlumat yayılıb ki, Darya Şipilovanın laboratoriyada işlədiyi zaman tərkibində taun patogeni olan sınaq şüşəsi zədələnib. Rəsmi qurumlar bu versiyanı təsdiqləməyib.