Dmitri Peskov: Aydındır ki, Avropa İttifaqı militarizasiya yolunu seçib və faktiki olaraq özünü Rusiya Federasiyası ilə qarşıdurmaya həsr edir
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün Kiyev rejiminə təzyiqi artırmağa davam edəcək.
Kiyevə endirilən genişmiqyaslı zərbələrlə bağlı danışan Peskov bildirib ki, hücumların hədəfi hərbi və ya yarımhərbi infrastrukturla əlaqəli obyektlər olub.
Bundan əlavə, Peskov Avropada baş verən eskalasiya ilə bağlı da fikirlərini bölüşüb.
“Avropa tərəfindən eskalasiyanın baş verdiyi aydındır. Həmçinin aydındır ki, Avropa İttifaqı öz müdafiə kimliyini inkişaf etdirməklə yanaşı, militarizasiya yolunu seçib və faktiki olaraq özünü Rusiya Federasiyası ilə qarşıdurmaya həsr edir. Bu amil Avropa qitəsində onsuz da mövcud olan gərginliyi daha da artırır. Bu isə bizi öz təhlükəsizliyimizi təmin etmək üçün əlavə tədbirlər planlaşdırmağa məcbur edir.
Bu təhlükəsizliyin necə təmin olunacağı ilə bağlı müxtəlif mövqelər mövcuddur. Daha sərt və qəti tədbirlərin tərəfdarları da var, o cümlədən akademiklər arasında. Daha təmkinli yanaşmanı müdafiə edənlər də mövcuddur. Lakin bir məsələ şübhə doğurmur: Rusiya Federasiyasının etibarlı təhlükəsizliyi və milli maraqları istənilən halda təmin olunacaq. Bununla yanaşı, Rusiya qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün Kiyev rejiminə təzyiqi artırmağa davam edəcək”, – deyə Peskov bildirib.
Qeyd edək ki, ötən gecə Kiyevə genişmiqyaslı hava hücumu həyata keçirilib. Nəticədə azı 17 nəfər həlak olub, onlarla insan yaralanıb. Ukrayna tərəfinin məlumatına görə, Rusiya hücum zamanı 74 raket və 496 pilotsuz uçuş aparatından istifadə edib.