Distribyuter nəqliyyat vasitələrinə gecə saatlarında avtobus zolağı ilə hərəkət etmək hüququ veriləcək
Distribyuter nəqliyyat vasitələrinə gecə saatlarında avtobus zolağı ilə hərəkət etmək hüququ veriləcək. Qeyd olunan dəyişiklik İnzibati Xətalar Məcləsinə və “Yol hərəkəti haqqında” Qanuna daxil edilir.
Qanunvericilik paketi bu gün parlamentdə ikinci oxunuşda müzakirə olunub. Dəyişikliyin təşəbbüskarları hesab edirlər ki, gecə saatlarında distribyuter nəqliyyat vasitələrinin avtobus zolağında hərəkət etməsi yol hərəkətinin yüngülləşməsinə kömək edəcək və istehlak qiymətlərinə də təsir göstərə bilər.
“Daxili işlər nazirinin əmri ilə distribyuter nəqliyyat vasitələrinin cavab verməli olduğu qaydalar və şərtlər müəyyən ediləcək. Onlara gecə saatlarında – saat 01:00-dan 06:00-dək yüklərini boşaltmaq üçün avtobus zolağında dayanmaq imkanı veriləcək. Əlbətdə, bu, bir tərəfdən nəqliyyat sıxlığının azalmasına kömək edəcək, digər tərəfdən isə daşıma xərclərinin aşağı düşməsi məntiqi olaraq qiymətlərin ucuzlaşmasında öz sözünü deyəcək. Dəyişikliklər İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” qanun layihəsində də öz əksini tapıb” – Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze bildirib.
Bununla yanaşı, Parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvilinin bəyanatına əsasən, məsələ ilə bağlı şəbəkələrin və distribyuter nümayəndələri ilə görüş keçirilib.
“Dünən şəbəkə və distribyuter ilə mühüm görüşümüz oldu. Distribyuterin malları çatdıra bilməsi üçün gecə saatlarında avtobus zolaqlarında hərəkət etməsi mövzusunda müzakirə apardıq. Mal tədarükünün böyük bir hissəsi gündüzdən gecə saatlarına keçiriləcək ki, bu da gün ərzində yol hərəkətini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək. Üstəlik, gecə paylanması daha mərkəzləşdirilmiş xarakter daşıyacaq və həm distribyuterlərin, həm də şəbəkələrin xərclərini xeyli azaldacaq. Bu isə öz növbəsində istehlak qiymətlərinin aşağı düşməsində əks olunacaq” – Şota Berekaşvili bildirib.