Dırnaqarası “zəng mərkəzləri” işi üzrə təqsirləndirilən Eliso Kiladze on il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi Şəhər Məhkəməsi dırnaqarası “zəng mərkəzləri” işi üzrə təqsirləndirilən Eliso Kiladzeyə on il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Bununla yanaşı, məhkəmə Eliso Kiladzenin üzərinə 30 min dollar məbləğində cərimə ödəmək və əmlakının müsadirə olunması öhdəliyini qoyub.
Məhkəmə prosesləri indiyədək qapalı rejimdə keçirilirdi, lakin bu gün hökm açıq elan olunub.
Eliso Kiladze iclasda son söz hüququndan istifadə edib.
Kiladzenin sözlərinə əsasən, onun həbsi “siyasi sifarişdir və bunun müəllifi Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq direktoru Mamuka Mdinaradzedir, ona isə tələbə yoldaşı və uşaqlıq dostu Qiorqi Qvarakidze dəstək verir”.
“Bu, zəng mərkəzləri işi deyildi. Bu, jurnalist Eliso Kiladzenin şəxsən məhv edilməsi, onun nüfuzuna son qoyulması və “Kronika +”ın bağlanması üçün xüsusi əməliyyat idi. İttihamı qəbul etmirəm, təqsirkar deyiləm, nə prosessual razılaşma, nə də digər şəxslərin əleyhinə yalan ifadə vermək hesabına azadlığa çıxmaq niyyətindəyəm. Yeganə səhvim pis insanların qorxaqlığına inanmağım olub. Biz işığa xidmət etmək üçün qaranlıqda mübarizə aparırıq. Və bu mübarizə qələbəyə qədər davam edəcək. Həqiqət işıqdır. Mənim son sözüm budur” – Kiladze bildirib.
Məlumat üçün bildirək ki, Eliso Kiladze dırnaqarası “zəng mərkəzləri” işi üzrə cari ilin fevralın 18-də saxlanılıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci və 194-cü maddələri ilə ittiham irəli sürülüb, bu da mütəşəkkil dəstə tərəfindən dələduzluq, qanunsuz gəlirin leqallaşdırılması və çirkli pulların yuyulması deməkdir və cəza tədbiri kimi 9 ildən 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Dırnaqarası “zəng mərkəzləri” işi üzrə Eliso Kiladze ilə birlikdə Otar Partsxaladze, Qiorqi Mikadze, Davit Mikadze, İrakli Sexniaşvili, Mixeil Çoxeli, Qivi Cibladze, Ben Anor, Tornike Canelidze və Qiorqi Kamladze məsuliyyətə cəlb olunublar. Onlara qarşı da Cinayət Məcəlləsinin 180-ci və 194-cü maddələri ilə ittiham irəli sürülüb. Qeyd olunan şəxslərin işi üzrə məhkəmə prosesi ayrıca icraatda aparılır.