Diplomatik gərginlik fonunda Polşanın Ukraynadakı sabiq səfiri Bartoş Çixotski Şərəf Ordenini Ukraynaya qaytarıb
Diplomatik gərginlik fonunda Polşanın Ukraynadakı sabiq səfiri Bartoş Çixotski Şərəf Ordenini Ukraynaya qaytarıb. Polşalı diplomat ikinci dərəcəli Şərəf Ordeninin ona Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə görə verildiyini bildirib.
2019-cu ildən 2023-cü ilə qədər Polşanın Kiyevdəki səfiri vəzifəsində çalışan Bartoş Çixotski əlavə edib ki, Rusiyanın işğalı, tarixin təhrif edilməsi və korrupsiyaya qarşı mübarizə aparan ukraynalıları dəstəkləməyə davam edəcək.
Bu addım Varşava ilə Kiyev arasında artan diplomatik ixtilaf fonunda atılıb. Belə ki, Zelenski mayın 26-da imzaladığı fərmanla Ukraynanın elit Xüsusi Əməliyyat Qüvvələrinin bölməsinə “Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları” fəxri adını verib.
Polşa mediasının məlumatına əsasən, bir çox ukraynalının müstəqillik uğrunda mübarizənin iştirakçısı kimi qəbul etdiyi “Ukrayna Üsyançı Ordusu” Polşada Volin və Şərqi Qalisiyada müharibə dövründə törədilmiş etnik təmizləmələrə görə məsuliyyət daşıyan qüvvə hesab olunur. Polşalı tarixçilərin qiymətləndirmələrinə görə, 1943–1945-ci illərdə baş vermiş bu hadisələr zamanı 100 000-ə yaxın dinc sakin həlak olub.
Zelenskinin qərarı Polşa Prezidenti Karol Navrotski tərəfindən tənqid edilib və o, Ukrayna dövlət başçısını 2023-cü ildə ona təqdim edilmiş Polşanın ali mükafatı – “Ağ Qartal” ordenindən məhrum etməklə hədələyib.