DİN – Tbilisidə və regionlarda kustar üsulla hazırlanmış narkolaboratoriya, üç istixana, misli görünməmiş miqdarda “metadon” aşkarlanıb, Gürcüstan və xarici ölkə vətəndaşları saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları ötən günlər ərzində Tbilisidə və regionlarda mütəşəkkil cinayətkarlığa qarşı növbəti uğurlu polis tədbirləri keçiriblər – kustar üsulla hazırlanmış narkolaboratoriya, narkotik vasitənin kultivasiyası üçün nəzərdə tutulmuş üç istixana və misli görünməmiş miqdarda – 28 kiloqrama qədər “metadon” aşkar edilib, – bu barədə Acarıstan Polis Departamentinin direktoru Giorgi Buxraşvili qurumda keçirilən brifinqdə bildirib.
Brifinqdə qeyd olunduğu kimi, bu, polis tərəfindən indiyədək müsadirə edilmiş ən böyük həcmdə “metadon”dur.
“Gürcüstan və xarici ölkə vətəndaşları saxlanılıb. Narkocinayətdə ittiham olunan şəxslərin üzərində və yaşadıqları mənzillərdə aparılan axtarışlar, həmçinin istintaq eksperimenti zamanı onların göstərdikləri yerlərdən satış üçün hazırlanmış narkotik vasitələr və narkotiklərin qablaşdırılması üçün zəruri materiallar götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən operativ məlumat əsasında aparılmış istintaq hərəkətləri nəticəsində Tbilisidə və regionlarda, müxtəlif ünvanlarda yerləşən yaşayış mənzillərində narkolaboratoriyalar aşkar edilib, burada narkocinayətkarlar kustar üsulla müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr hazırlayırdılar. Həmçinin, xüsusilə külli miqdarda narkotik vasitə – “çətənə”nin qanunsuz əkilməsi və kultivasiyasının həyata keçirildiyi xüsusi qurulmuş istixanalar aşkar edilib. Hüquq-mühafizə orqanları narkotik vasitənin kultivasiyası üçün lazım olan materialları və ehtimal ki, narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitini maddi sübut kimi götürüblər. Bundan əlavə, qeyd olunan polis tədbiri çərçivəsində aparılmış istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən odlu silahlar, avtomatik odlu silahlar və döyüş sursatı da götürülüb. İstintaq Cinayət Məcəlləsinin 236-cı, 260-cı, 260-cı prima, 261-ci, 262-ci, 263-cü və 265-ci prima maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyi narkocinayətlərdə iştirak edən şəxslərin ifşa olunması və onların qanunun bütün sərtliyi ilə cəzalandırılması istiqamətində fəaliyyətini davam etdirir”, – deyə Acarıstan Polis Departamentinin direktoru bildirib.