DİN – son iki gün ərzində mitinq və yürüş qaydalarının pozulmasına görə 14 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları son iki gün ərzində mitinq və yürüşlərin keçirilməsi qaydalarının pozulmasına görə daha 14 nəfəri saxlayıblar.
Bu barədə məlumatı Tbilisi Polis Departamentinin direktoru Vajha Siradze brifinq zamanı verib.
Eyni zamanda, Daxili İşlər Nazirliyi aksiya təşkilatçılarını və iştirakçılarını qanunun tələblərinə əməl etməyə çağırır.
“İctimaiyyətə məlum olduğu kimi, cari ilin 17 oktyabr tarixindən etibarən qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə minib və buna əsasən, mitinq və yürüşlərin keçirilməsi qaydalarının pozulmasına görə qaydalar sərtləşdirilib. Bununla əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin əməkdaşları son iki gün ərzində inzibati xətalar məcəlləsinə uyğun olaraq, 14 nəfəri – A.G., Q.Ts., T.T., D.A., U.Q., D.E., İ.K., K.M., B.K., B.Q., N.B., S.J. və T.S. saxlayıblar. Saxlanılanlardan biri Psixi Sağlamlıq və Narkomaniya Profilaktikası Mərkəzinə göndərilib və orada məcburi müalicə keçəcək. Buna görə də həmin şəxsin baş hərflərini açıqlamaqdan çəkinirik.
Rustaveli prospektində, qanunverici orqanın yaxınlığında toplaşan və sayca az olan vətəndaşlar süni şəkildə yolun hərəkət hissəsini bağlayır və nəqliyyatın hərəkətinə mane olurlar. Eyni zamanda, bəzi nümayişçilərin üzlərini maskalama halları müşahidə olunur ki, bu da inzibati xəta hesab olunur.
Cəmiyyəti məlumatlandırmaq məqsədilə Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı dəfələrlə rəsmi bəyanatlar yayıb. Bundan əlavə, polis əməkdaşları aksiya iştirakçılarına yerindəcə bir neçə dəfə izah ediblər ki, nəqliyyatın hərəkətini əngəlləməsinlər, lakin vətəndaşlar polisin göstərişlərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdiriblər. Nazirlik tərəfindən son üç gün ərzində aksiya iştirakçılarının 53 qanun pozuntusu aşkarlanıb, onlardan 42 nəfər hüquq pozan kimi tanınıb. Bəziləri artıq saxlanılıb, digərlərinə qarşı isə inzibati iş aparılır və onların işləri yaxın günlərdə məhkəmədə inzibati qaydada baxılacaq.
Buradan bir daha xatırladırıq ki, əgər hüquq pozan şəxslər təkrar olaraq oxşar qanunsuz hərəkətə yol verərlərsə, onlara qarşı cinayət məsuliyyəti məsələsi qaldırılacaq.
Daxili İşlər Nazirliyi bir daha aksiya təşkilatçılarını və iştirakçılarını qanunun tələblərinə əməl etməyə çağırır, əks halda hüquq-mühafizə orqanları qanuna uyğun olaraq bütün hüquq pozan şəxsləri müəyyən edib, onlara qarşı müvafiq tədbirlər görəcək,” – deyə Vajha Siradze brifinqdə bildirib.