Müxtəlif hüquqi əsaslarla dayandırılmış sürücülük vəsiqələrinin bərpası ilə bağlı elan edilmiş amnistiya barədə Daxili İşlər Nazirliyi məlumat yayıb və sürücülük hüququnun bərpası prosedurlarını izah edib.
“Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə Gürcüstan Parlamenti tərəfindən qanun layihələri hazırlanıb və bu layihələrə əsasən, müxtəlif hüquqi əsaslarla dayandırılmış sürücülük vəsiqələrinin bərpası ilə bağlı genişmiqyaslı amnistiya elan edilib.
Hazırda təxminən 35 500 nəfərin sürücülük vəsiqəsi dayandırılıb. Buna uyğun olaraq qərara alınıb ki, qanun layihəsində nəzərdə tutulan hüquqi güzəşt 2025-ci il 16 dekabr tarixinədək yol-nəqliyyat hadisəsi yerini tərk etməyə, alkoqollu vəziyyətdə nəqliyyat vasitəsi idarə etməyə, narkotik vasitələrdən istifadəyə və ya sürücülük vəsiqəsinə verilən bal limitinin tükənməsinə görə sürücülük hüququ dayandırılmış vətəndaşlar kateqoriyasına şamil edilsin.
Sürücülük hüququnun bərpası prosedurları aşağıdakılardır:
2025-ci il 16 dekabr tarixinədək ‘Yol hərəkəti haqqında’ Gürcüstan qanununa uyğun olaraq sürücülük vəsiqəsinə verilən bal limitinin tükənməsi səbəbilə nəqliyyat vasitəsi idarə etmək hüququ dayandırılmış təxminən 780 nəfərin sürücülük hüququ 2026-cı il yanvarın 1-dən avtomatik olaraq bərpa ediləcək və onların sürücülük vəsiqəsinə yenidən 100 bal veriləcək;
Narkotik vasitələrdən istifadə edən təxminən 3 500 nəfərin sürücülük hüququ avtomatik bərpa olunmayacaq. Bu halda nəqliyyat vasitəsi idarə etmək hüququnun bərpasına dövlət ekspertiza müəssisəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza (dinamik-narkoloji müayinə) rəyinin təqdim edilməsi və Gürcüstan qanunvericiliyində müəyyən edilmiş tələblərin yerinə yetirilməsi əsasında icazə veriləcək;
Qeyd olunur ki, cərimələrin ödənilməməsi səbəbilə hazırda təxminən 11 000 nəfərin sürücülük hüququ dayandırılıb. Bu şəxslərin sürücülük hüququ cərimə ödənildikdən sonra bərpa ediləcək;
Alkoqollu vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyinə və ya hadisə yerini tərk etdiyinə görə sürücülük hüququ dayandırılmış təxminən 20 000 nəfər barəsində Gürcüstan Daxili İşlər Nazirliyi 2026-cı il fevralın 1-dək hər bir şəxsin inzibati cəzadan azad edilməsi barədə məlumatı qanunvericiliklə müəyyən edilmiş qaydada Nazirliyin rəsmi internet saytında dərc edəcək. İnzibati cəzadan — nəqliyyat vasitəsi idarə etmək hüququnun dayandırılmasından — azad olunma barədə məlumatın dərc edilməsi həmin şəxsin sürücülük hüququnun bərpa edildiyini göstərir.
Bununla yanaşı, amnistiya Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi və 273-cü maddəsi ilə nəzərdə tutulmuş narkotik cinayətlərinə də şamil ediləcək. Bu cür narkotik cinayətlər törətmiş şəxslər sürücülük hüququnun bərpası üçün Gürcüstan Ədliyyə Nazirliyinin publik hüquqi şəxsi olan Cinayətlərin Qarşısının Alınması, Azadlıqdan Mahrumetmə ilə Bağlı Olmayan Cəzaların İcrası və Probasiya üzrə Milli Agentliyin şərti məhkumluğun ləğvi məsələlərinə baxan daimi komissiyasına müraciət etməlidirlər.
İnzibati Xətalar Məcəlləsinin 45-ci, 45¹-ci və 115²-ci maddələri ilə nəzərdə tutulmuş xətalara görə sürücülük hüququ dayandırılmış şəxslər isə bu hüququn bərpası üçün Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə müraciət etməlidirlər.
Narkotik istifadəçiləri üçün nəqliyyat vasitəsi idarə etmək hüququnun bərpasına dövlət ekspertiza müəssisəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza (dinamik-narkoloji müayinə) rəyinin təqdim edilməsi və qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi şərti ilə icazə verilir”, – deyə DİN-in məlumatında bildirilir.
Nazirlik həmçinin izah edir ki, amnistiya böyük miqdarda narkotik vasitələrin əldə edilməsi/saxlanması və ya satışı/yayılması səbəbilə sürücülük hüququndan məhrum etmə hallarına şamil edilmir. Eləcə də Cinayət Məcəlləsinin 276-cı maddəsi — nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması zamanı sürücülük hüququnun dayandırılması hallarına da amnistiya tətbiq edilmir.
“Mühüm məqam ondan ibarətdir ki, təqdim olunan qanun layihəsi inzibati xəta törədildiyi halda hüquq pozan şəxsə sürücülük hüququnu müddətindən əvvəl bərpa etmək imkanı verən normaları ləğv edir. Bu isə eyni hərəkətlərin təkrar törədilməsi zamanı həmin şəxslərə qarşı daha sərt qanunvericilik tənzimləmələrinin tətbiq ediləcəyini göstərir”, – deyə DİN-in məlumatında vurğulanır.