Dimitri Peskov - Xüsusi hərbi əməliyyat davam edir, zərbələr uğurludur, eyni zamanda Rusiya danışıqlar prosesinin davam etdirilməsinə yönəlik marağını qoruyur
Kiyevə edilmiş kütləvi hücumdan sonra Kremldə Rusiyanın danışıqlar prosesini davam etdirməkdə maraqlı olduğunu bildirirlər.
Bu barədə mediaya Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.
Eyni zamanda, Peskov qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir. O, Ukraynanın da Rusiyanın infrastrukturuna hücumlarını davam etdirdiyini deyib.
“Xüsusi hərbi əməliyyat davam edir. Görürsünüz ki, həmçinin, Kiyev rejimi tərəfindən Rusiyanın infrastruktur obyektlərinə, o cümlədən, tez-tez Rusiyanın mülki infrastrukturuna zərbələr endirilməsi davam edir. Rusiya Silahlı Qüvvələri də öz tapşırıqlarını yerinə yetirir. Onlar, bəyan edildiyi kimi, hərbi infrastruktura və onlara bitişik obyektlərə zərbələr endirməyə davam edirlər. Zərbələr uğurludur, hədəflər məhv edilir, xüsusi hərbi əməliyyat davam edir. Eyni zamanda, siyasi-diplomatik vasitələrlə qarşımıza qoyulan məqsədlərə nail olmaq üçün Rusiya danışıqlar prosesinin davam etdirilməsinə yönəlik marağını qoruyur” – Dimitri Peskov bildirib.
Məlumat üçün bildirək ki, Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 4-ü uşaq olmaqla 15-ə yüksəlib. Rusiyanın hücumu nəticəsində Kiyevdə yaşayış binaları, şəxsi evlər və uşaq bağçaları zərər görüb. Binalardan biri qismən dağılıb. Həmçinin, Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binasına, Britaniya Şurası və “Azadlıq” radiosunun ofislərinə ziyan dəyib.