Dimitri Peskov Kiyevin Krım körpüsünə həyata keçirdiyi hücumun Rusiya, ABŞ və Çin liderlərinin planlaşdırılan görüşü ilə əlaqəli ola biləcəyini istisna etmir
Kremlin mətbuat katibi Dimitri Peskov Kiyevin Krım körpüsünə həyata keçirdiyi hücumla Rusiya, ABŞ və Çin liderlərinin planlaşdırılan görüşü arasında əlaqə ola biləcəyini istisna etməyib.
O, bu addımla Kiyevin öz mövqeyini yaxşılaşdırmağa çalışdığını bildirib. Bununla yanaşı, Peskov Krım körpüsünə hücumu “terror aktı” adlandırıb.
“Bunu istisna etmək olmaz. Hərbi əməliyyatlar davam edir və hərbçilərimiz Ukraynanın hərbi-sənaye kompleksinə aid hədəflərə zərbələr endirirlər. Ukrayna isə terror xarakterli hücumlarını davam etdirir” – Peskov bildirib.
Hücumun forumun gündəliyində nəyisə dəyişə biləcəyi ilə bağlı suala Peskov Rusiyanın müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün bərqərar olmasını istədiyini bildirib.
“Atəşkəs perspektivi heç vaxt danışıqlar prosesi ilə əlaqələndirilməyib. Biz açıq şəkildə bəyan etmişik ki, istənilən fasilənin əleyhinəyik; biz uzunmüddətli sülhün və sülh yolu ilə nizamlanmaya gətirib çıxara biləcək məsuliyyətli qərarların qəbulunun tərəfdarıyıq. Bu səbəbdən hərbi əməliyyatlar davam edir” – Peskov bildirib.
O, sammitin gündəliyinin dəyişməz olaraq qaldığını bildirib.
Xatırladaq ki, ilhaq olunmuş Krımda Ukrayna dronlarının hücumu nəticəsində iki nəfər həlak olub, Krım körpüsündə hərəkət dayandırılıb.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, pilotsuz uçuş aparatlarının hücumu səbəbindən körpüdə avtomobil və dəmir yolu hərəkəti müvəqqəti dayandırılıb.
Si Dzinpin, Donald Tramp və Vladimer Putinin görüşü noyabrın 19-da Çinin Şenjen şəhərində, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcək. Bu, üç ölkə liderinin ilk birgə üzbəüz görüşü olacaq.