Devid Makalister, Nil Uşakovski, Serqei Laqodinski və Rasa İukneviçiene Gürcüstanın siyasi liderlərinə qarşı sanksiyaların tətbiq edilməsi çağırışı ilə çıxış edirlər
Devid Makalister, Nil Uşakovski, Serqei Laqodinski və Rasa İukneviçiene Gürcüstanın siyasi liderlərinə qarşı sanksiyaların tətbiq edilməsi çağırışı ilə çıxış edirlər

 
Avropa Parlamentinin 4 deputatı Gürcüstanla bağlı bəyanat yayır. Bəyanatı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalister, Avropa İttifaqı-Gürcüstan Parlamentlərarası Assosiasiya Komitəsinin nümayəndə heyətinin sədri Nil Uşakovski, Avronest Parlament Assambleyasının nümayəndə heyətinin sədri Serqei Laqodinski və Xarici Əlaqələr Komitəsinin Gürcüstan üzrə daimi məruzəçisi Rasa İukneviçiene imzalayırlar.

“Gürcüstan hakimiyyəti tərəfindən demokratik müxalifətə qarşı şiddətlənmiş repressiyaları və dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqini pisləyirik. Müxalifət üzvlərinin həbsi və ofislərdə axtarış aparılması avtoritar rejimlərin vasitələrinin bir hissəsidir və Avropa İttifaqına üzv olmağa can atan ölkə üçün qəbuledilməzdir. Ölkənin demokratik tənəzzülünə və Gürcüstan əhalisinin böyük əksəriyyətinin iradəsinə zidd olan Avropa yolundan dramatik şəkildə çıxmasına birbaşa “Gürcü Arzusu” cavabdehdir. Bütün ölkədəki cari etiraz aksiyaları hazırkı rəhbərlik şəraitində Gürcüstanın gələcəyi ilə bağlı geniş narahatlığın qanuni ifadəsidir.

Biz Avropa İttifaqı və ona üzv dövlətləri seçki pozuntularına və vətəndaşlara qarşı davam edən repressiyalara görə məsuliyyət daşıyan siyasi liderlərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırırıq. Həmçinin, repressiyalar dalğasına və Avropaya inteqrasiya prosesinin dayandırılmasına görə yekun nəticədə siyasi məsuliyyət daşıyan Bidzina İvanişviliyə qarşı məqsədyönlü sanksiyaların tətbiqi ilə bağlı tələbimizi təkrarlamaq istərdik. Gürcüstan yaxşılaşdırılmış seçki mühitində, müstəqil və qərəzsiz seçki administrasiyası tərəfindən ciddi beynəlxalq monitorinq ilə saxtalaşdırılmış seçkiləri yenidən keçirməyə ehtiyac duyur, bu da həqiqətən ədalətli və şəffaf prosesi təmin edəcək.

Biz demokratiyanın və Gürcüstanın Avropaya inteqrasiyasının qətiyyətli müdafiəçisi olaraq qalan prezident Salome Zurabişviliyə tam dəstəyimizi bildiririk. Avropa Parlamenti cəsur Gürcüstan xalqını və onların avropalı gələcək seçimini dəstəkləyir” – bəyanatda oxuyuruq.