Defisit ixtisaslarda iş stajı və klinik təcrübəyə malik kiçik həkimlərə dövlət sertifikatlaşdırma imtahanında iştirak etmək imkanı verilir
Defisit ixtisaslarda iş stajı və klinik təcrübəyə malik kiçik həkimlərə dövlət sertifikatlaşdırma imtahanında iştirak etmək imkanı verilir

 

Müxtəlif səbəblərə görə rezidentura proqramını başa vura bilməyən, lakin müvafiq müddətdə praktiki təcrübəyə malik kiçik həkimlər üçün yeni imkan nəzərdə tutulub. Onlar sertifikatlaşdırma imtahanına buraxılacaqlar, bu da öz növbəsində müstəqil həkimlik fəaliyyəti üçün zəruridir – səhiyyə naziri Mixeil Sarcveladze bu haqda deyib.

Dəyişikliyə əsasən, vahid diplom sonrası kvalifikasiya imtahanını artıq vermiş və rezidentura proqramı ilə müəyyən olunmuş müddətdə klinikada işləyən və defisit ixtisaslarda işlə təmin olunan kiçik həkimlərə 2026-cı ilin oktyabrın 1-dək dövlət sertifikatlaşdırma imtahanında iştirak etmək və müstəqil həkimlik fəaliyyəti hüququnu əldə etmək imkanı verilir.

Nazir qeyd edib ki, dəyişikliyin təşəbbüsü parlament tərəfindən irəli sürülüb, nazirlik isə defisit ixtisasların siyahısını ətraflı məlumatların təhlili əsasında müəyyən edib, burada həkimlərin sertifikatları, faktiki məşğulluq göstəriciləri, yaş, coğrafi bölgü, rezidenturada təhsil göstəriciləri və s. nəzərə alınıb.

“Artıq təsdiqlənmiş və dərc edilmiş dəyişikliyə əsasən, real olaraq yeni normaların şamil ediləcəyi kiçik həkimlərin sayı təxminən 800-dür. Əgər onların həkimlik fəaliyyətini davam etdirmək arzusu olarsa, dəyişikliklə onlara məhz belə imkan verilir. Bunun üçün əsas ilkin şərt sertifikatlaşdırma imtahanını uğurla vermək olacaq. Xüsusilə əlamətdar haldır ki, bir çox çağırışları nəzərə alaraq, müxtəlif səbəblərə görə rezidenturanı başa vura bilməyən, lakin praktiki fəaliyyətləri ilə böyük təcrübə toplamış həkimlər onların real imkanlarını, ixtisas və bacarıqlarını ölçəcək imtahan vermək imkanı əldə edəcəklər.
Məhz bunun əsasında, onlara müstəqil həkimlik fəaliyyəti hüququ veriləcək. Nazirlik Gürcüstanda tibb ixtisasları üzrə həkimlərin ixtisaslaşmasının daima, fasiləsiz və ən əsası sürətli tempdə inkişaf etməsi üçün bu istiqamətdə sektoru səciyyələndirə biləcək çağırışlarla mübarizəni davam etdirəcək” – Mixeil Sarcveladze bildirib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, defisit tibb ixtisaslarının siyahısı belədir:

Psixiatriya; Radiasiya Onkologiyası; Uşaq Qastroenterologiyası; Patoloji Anatomiya-Klinik Patologiya; Nüvə Təbabəti; Ürək Cərrahiyyəsi; Neyrocərrahiyyə; Anesteziologiya və Reanimatologiya ; Nefrologiya; Təcili Tibbi Yardım; Uşaq təcili tibbi yardımı, Uşaq yoluxucu xəstəlikləri, Uşaq Ftiziatriyası – pulmonologiya, Uşaq hematologiyası / transfuziologiya, Plastik və rekonstruktiv cərrahiyyə, Fiziki təbabət , reabilitasiya və kurortologiya, Revmatologiya, Məhkəmə Təbabəti.