Davit Utiashvili – Kreditə xidmət əmsalında dəyişiklik həm kreditləşmə prosesinə təsirin azaldılmasına, həm də borcalanlar üçün borc yükünün optimal səviyyədə saxlanmasına kömək edəcək

14:22, 30.09.2026

Milli Bank tərəfindən kreditə xidmət əmsalının dəyişdirilməsinin məqsədi əməkhaqlarının və iqtisadi artımın yüksək olduğu şəraitdə məsuliyyətli kreditləşmə təcrübəsini qorumaq və aşağı gəlirli borcalanlar üçün borc yükünün dayanıqlı səviyyədə qalmasını təmin etməkdir. Bu barədə Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Departamentinin rəhbəri Davit Utiashvili bildirib.

Onun sözlərinə görə, əgər indiyədək kreditə xidmət əmsalının 25 faizlik tələbi gəliri 1 500 lariyə qədər olan şəxslərə şamil edilirdisə, bu hədd 2027-ci il fevralın 1-dən 2 000 lariyə, 2027-ci il sentyabrın 1-dən isə 2 500 lariyə qaldırılacaq. Sözügedən dəyişiklik borcalanların həddindən artıq borclanması risklərinin azaldılmasına və maliyyə sisteminin dayanıqlığının qorunmasına kömək edəcək.

Davit Utiashvilinin izahına görə, indiyədək mövcud olan yanaşma 2018-ci ildən qüvvədədir və borcalanın gəlirindən asılı olaraq, gəlirin maksimum hansı hissəsinin kreditə xidmətə yönəldilə biləcəyini müəyyən edir. 2018-ci ildə orta əməkhaqqı 1 000 lariyə qədər olduğu zaman gəliri 1 000 laridən az olan şəxslər üçün kreditə xidmətin maksimal həddi 25 faiz, gəliri 1 000 laridən çox olan şəxslər üçün isə 50 faiz müəyyən edilmişdi. 2022-ci ildə gəlirlərin artması ilə əlaqədar müvafiq hədd 1 000 laridən 1 500 lariyə qaldırılıb.

“Orta əməkhaqqı 2 500 lariyə yaxınlaşır və düşünürük ki, mövcud həddi 1 500 laridən 2 500 lariyə qaldırmağın vaxtıdır. Məqsədimiz aşağı gəlirli əhalinin üzərinə onların maliyyə çətinlikləri, o cümlədən stress vəziyyətində belə, ödəyə biləcəklərindən daha artıq borc yükünün düşməməsidir”, – deyə Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Departamentinin rəhbəri bildirib.

Milli Bankın qiymətləndirməsinə görə, mərhələli dəyişiklik həm kreditləşmə prosesinə təsirin azaldılmasına, həm də borcalanlar üçün borc yükünün optimal səviyyədə saxlanmasına kömək edəcək.

Məlumat üçün bildirək ki, 2027-ci il fevralın 1-dən etibarən vətəndaşlara kredit verilməsi şərtləri sərtləşdirilir.

Oxşar