Davit Sonğulaşvili - Siyasətimizin həyata keçirilməsi üçün əməkdaşların peşəkarlığı və motivasiyası vacibdir
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Kvemo Kartli regionunun dövlət nümayəndəsi Levan Xarabadze ilə birlikdə Bolnisi Munisipalitetində Meşə Xidmətinin əməkdaşları ilə görüşüb və iş prosesi ilə yerində tanış olub. Bu barədə məlumatı Ətraf Mühitin Mühafizəsi Nazirliyi yayır.
Nazirliyin məlumatında, Kvemo Kartli Meşə Xidmətində 9 meşəçi və 42 meşə mühafizəçisi olmaqla 81 əməkdaşın işlə təmin olunduğu deyilir.
Davit Sonğulaşvili görüşdə diqqəti dayanıqlı meşə idarəçiliyinin əhəmiyyətinə və bu prosesdə Milli Meşə Agentliyinin hər bir əməkdaşının roluna yönəldib.
“Xüsusilə qeyd etmək istərdim ki, siyasətimizin həyata keçirilməsi üçün əməkdaşların peşəkarlığı və motivasiyası vacibdir. Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir” – Davit Sonğulaşvili qeyd edib.
“Milli Meşə Agentliyinin prioritet istiqamətləri meşələrin sanitar vəziyyətinin yaxşılaşdırılması, meşələrin inventarizasiyası və idarəetmə planlarının hazırlanması, eləcə də meşələrin çoxməqsədli istifadəsi və ağac materialına qanuni çıxışın artırılmasıdır, bu isə əhalinin yanacaq odunla təmin olunmasının yeni mexanizminin tətbiqini nəzərdə tutur.
Nazir meşələrin çoxməqsədli istifadəsinin əhəmiyyətinə də diqqət çəkib və qeyd edib ki, meşənin qeyri-taxta resurslarından istifadə və ekoturizmin inkişafı bölgədə əlavə iş yerləri yaradır, bu isə yerli əhali üçün gəlir əldə etmək imkanıdır.
Nazir müavini Kaxa Kakabadze və Milli Meşə Agentliyinin rəhbəri Kaxa Tsertsvadze ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə birlikdə Bolnisidə olublar” – Ətraf Mühitin Mühafizəsi Nazirliyinin yaydığı məlumatda deyilir.