Davit Sonğulaşvili – Kiçik ölçülü şərab evləri üçün sertifikatlaşdırma xidməti haqqının ləğv edilməsi barədə qərar qəbul etdik

18:39, 18.09.2026

 

Kiçik ölçülü şərab evləri yerli bazar üçün nəzərdə tutulmuş spirtli içkilərə uyğunluq sertifikatının verilməsi xidmətinin haqqından azad ediləcəklər. Müvafiq dəyişiklik prosedurlardan keçdikdən sonra qüvvəyə minəcək.

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvilinin Birinci Kanalın “Biznes tərəfdaşı” verilişində bəyan etdiyi kimi, kiçik ölçülü şərab evləri üçün sertifikatlaşdırma haqqının ləğvi qərarı onlarla aparılan məsləhətləşmələr nəticəsində qəbul edilib.

“Kiçik ölçülü şərab evlərinin dəstəklənməsi bizim prioritetimizdir. Müvafiq olaraq, onlarla məsləhətləşmələr nəticəsində mövcud çağırışı nəzərə aldıq və sertifikatlaşdırma xidməti haqqının kiçik ölçülü şərab evlərinə şamil edilməməsi barədə qərar qəbul etdik. Bununla yanaşı, sertifikatlaşdırma məcburi tələb olaraq qalır, çünki keyfiyyətin və istehlakçı üçün təhlükəsiz məhsulun təmin edilməsi əsas vəzifəmizdir. Düşünürük ki, bu yanaşma həm kiçik ölçülü şərab evlərinin inkişafına, həm də gürcü şərabının keyfiyyətinin daha da yaxşılaşdırılmasına və rəqabət qabiliyyətinin artmasına kömək edəcək” – Davit Sonğulaşvili bildirib.

Yerli bazarda satış üçün nəzərdə tutulan və Gürcüstanda istehsal edilən spirtli içkilərin sertifikatlaşdırılması məcburidir. Sentyabrın 1-dən uyğunluq sertifikatının verilməsi xidməti ödənişlidir, lakin kiçik ölçülü şərab evləri üçün bu xidmət ödənişsiz həyata keçiriləcək. Kiçik ölçülü şərab evləri üçün sertifikatlaşdırma öhdəliyi yenə də qüvvədə qalır və onlardan müvafiq prosedurlardan keçmək, məhsul üçün lazımi sənədləri almaq tələb olunur.

“Şərabçılıq və üzümçülük sahəsində qəbul etdiyimiz istənilən qərar yalnız bir məqsədə xidmət edir – gürcü şərabı yüksək keyfiyyətli, rəqabətədavamlı olsun və beynəlxalq bazarlarda mövqeyini daha da möhkəmləndirsin” – Davit Sonğulaşvili bildirib.

Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.

Oxşar