Davit Sonğulaşvili Ermənistanın ətraf mühitin mühafizəsi naziri ilə görüşüb
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Yerevanda Bioloji Müxtəliflik üzrə Konvensiyanın 17-ci Tərəflər Konfransı (CBD COP17) çərçivəsində Ermənistan Respublikasının ətraf mühitin mühafizəsi naziri Hambardzum Matevosyan ilə görüş keçirib.
Tərəflər Gürcüstan və Ermənistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın prioritetlərini, biomüxtəlifliyin qorunması, transsərhəd suların monitorinqi və iqlim dəyişikliyinə uyğunlaşma məsələlərini müzakirə ediblər.
“Gürcüstan və Ermənistan arasında tarixi dostluq və strateji tərəfdaşlıq ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm zəmin yaradır. Ölkələrimiz biomüxtəlifliyin qorunması, su resurslarının idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində ümumi çağırışlara malikdir” – Davit Sonğulaşvili açıqlayıb.
Görüşdə tərəflər Gürcüstan, Ermənistan və Azərbaycanın iştirakı ilə regional geoparkların birgə sisteminin yaradılması təşəbbüsünə xüsusi diqqət yetiriblər. Gürcüstan bu təşəbbüsün həyata keçirilməsi istiqamətində BMT-nin İnkişaf Proqramı (UNDP) və müvafiq tərəfdaşlarla birlikdə çalışır.
Həmçinin 2025-ci ilin dekabrında Gürcüstan və Ermənistanın ətraf mühit üzrə monitorinq aparan müvafiq qurumları arasında imzalanmış və Xram-Debeda transsərhəd çay hövzəsinə aid olan memorandumun əhəmiyyəti vurğulanıb. Tərəflər memorandumun səmərəli icrasına kömək etməyə, su resurslarının monitorinqi və məlumat mübadiləsi istiqamətində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bəyan ediblər.
Görüşdə həmçinin iqlim dəyişikliyi məsələləri və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib. Təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətinə diqqət yönəldilib.
Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayır.