Davit Sonğulaşvili - Dövlət proqramlarının təkmilləşdirilməsi və özəl sektorun inkişafı üçün istehsalçılar, fermerlər və dövlət arasında əks əlaqə vacibdir
Dövlət proqramlarının təkmilləşdirilməsi və özəl sektorun inkişafı üçün istehsalçılar, fermerlər və dövlət arasında əks əlaqə vacibdir – bu barədə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, Davit Sonğulaşvili Kvemo Kartli və Kaxetidə olub, burada dövlət dəstəyi ilə yaradılan müəssisə və salınan bağlara baxış keçirib. Nazir Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kəndin İnkişafı Agentliyinin proqramlarından faydalanan fermer və sahibkarlarla görüşüb.
“Dövlətin maliyyə dəstəyi ilə həyata keçirilən bütün layihələrlə yerində tanış olmaq, dəstəkdən faydalanan sahibkar və fermerlərlə görüşmək, onların nə qədər uğurlu olduğunu görmək, onların fəaliyyətlərini daha da inkişaf etdirmək üçün dövlətdən hansı əlavə dəstəyə ehtiyacı ola biləcəyini görmək bizim üçün çox vacibdir. Bu, dəyərlər zəncirinin tam formalaşdırılması və ölkə iqtisadiyyatının gücləndirilməsi üçün mühüm təməllərdən biridir” – Davit Sonğulaşvili bildirib.
Nazirin qeyd etdiyi kimi, bölgələrdə istehsalçı və fermerlərlə görüşlər intensiv şəkildə davam etdiriləcək. Nazirlik bilavasitə ünsiyyətlə hansı ehtiyacların olması, ölkəmizin malik olduğu iqtisadi artım tempinin daha da sürətlənməsi üçün dövlətin sahibkarlara və fermerlərə necə dəstək ola biləcəyi barədə mümkün qədər dolğun məlumat almalıdır.
Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayır.