Davit Sonğulaşvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb
Davit Sonğulaşvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb

 
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Tərəflər görüşdə ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

“Bildiyiniz kimi, Gürcüstanın hökumət başçısının rəhbərliyi ilə seçkilərdən sonra Azərbaycan Respublikasına ilk səfərimizi etdik. Gözəl qonaqpərvərliyə görə sizə bir daha təşəkkür etmək istərdim. Ölkələrimiz arasında mövcud tarixi və dostluq münasibəti kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində effektiv və uğurlu əməkdaşlığın əsasını təşkil edir” – David Sonğulaşvili bildirib.

Azərbaycanın səfiri naziri vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Müxtəlif vəzifələrdə işlədiyim üçün həyatımın əhəmiyyətli hissəsi Gürcüstanla bağlıdır. Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı bizim üçün maraqlı əməkdaşlıq sahələridir. Fikrimcə, biz bir sıra qarşılıqlı maraqlı layihələr həyata keçirəcəyik” – Faiq Quliyev qeyd edib.

Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.