David Matikaşvili: Agenturanın ölkənin idarəçiliyində yeri yoxdur, cəmiyyətin agentura adlandırdığı müxalifət haqqında çıxardığı siyasi hökm qətidir və belə də davam edəcək
“Gürcü Arzusu”nun üzvü David Matikaşvili bildirib ki, “dilənçi vəziyyətinə düşmüş” “Vahid Milli Hərəkat” partiyası həmin siyasi qüvvənin destruktiv fəaliyyəti və anti-milli, dövlətə qarşı yönəlmiş siyasətinin nəticəsidir.
Deputatın sözlərinə görə, onun “agentura müxalifəti” adlandırdığı siyasi qüvvələr öz aralarında belə razılığa gələ bilmirlər.
“Təsəvvür edin ki, onlar hansısa formada hakimiyyəti ələ keçirsəydilər, ölkəni hansı vəziyyətə salardılar. Onların bir-birinə münasibəti necədir? Partiyanı birləşdirən hansı ideoloji xətt mövcuddur? Onsuz da nüfuzunu itirmiş simalar bir liderin qərarı ilə necə dəyişdirilir? Bütün bunlara cəmiyyət qiymət verəcək.
Agenturanın ölkənin idarə olunmasında heç bir yeri yoxdur. Cəmiyyətin onlar haqqında çıxardığı siyasi hökm qəti və dəyişməzdir və bu belə də davam edəcək.
Konstitusiya Məhkəməsinin qərarını gözləyək. Məhkəmənin qərarından sonra başqa qərarlar da veriləcək. Ümid edirik ki, bu qərar radikal agentura müxalifətini siyasi səhnədən tamamilə siləcək.
Alyansa gəlincə, orada da oxşar vəziyyət hökm sürür. Bu, kollektiv “Milli Hərəkat”ın ikinci qoludur və yenə də köhnəlmiş siyasi simalardan ibarətdir. Onlar üçün vətən heç nə ifadə etmir, öz ambisiyalarında boğulur və bu siyasi bataqlığa agentura müxalifəti ilə əlaqəsi olan hər kəsi sürükləyirlər. Cəmiyyət artıq onlar haqqında da öz hökmünü verib”, – deyə Matikaşvili bildirib.