"Dariali" sərhəd məntəqəsi yaxınlığında olan Ukraynanın 65 vətəndaşı vətənə qayıdıb
Gürcüstanın Daxili İşlər Nazirliyi və Ukrayna tərəfi arasında uzunmüddətli və çoxşaxəli danışıqların nəticəsində, “Dariali” sərhəd-buraxılış məntəqəsi yaxınlığında olan Ukraynanın 65 vətəndaşı könüllü şəkildə, çarter reysi ilə, üçüncü ölkə vasitəsilə vətənə qayıdıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Daxili İşlər Nazirliyi Ukrayna vətəndaşlarının “Dariali” sərhəd-buraxılış məntəqəsindən Tbilisi Beynəlxalq Hava Limanına gətirilməsini təmin edib və orada onlar Ukraynanın hüquq-mühafizə orqanının nümayəndələrinə təhvil verilib. Öz növbəsində, onlar Ukrayna vətəndaşlarının təyyarəyə yerləşdirilməsini və çarter reysi ilə səyahət zamanı onların müşayiət edilməsini təmin ediblər.
“Qeyd edilməlidir ki, Gürcüstanın dövlət sərhədi yaxınlığında hələ də müəyyən sayda şəxslər qalır. Onların vətənə təşkil olunmuş, təhlükəsiz və könüllü şəkildə qayıtması ilə bağlı gürcü tərəfi Ukrayna tərəfi və beynəlxalq təşkilatlarla danışıqları intensiv şəkildə davam etdirir.
Ümid edirik ki, sərhəddə qalan şəxslərlə bağlı proses artıq ləngiməyəcək və onlar vaxtında, yaxın gələcəkdə öz vətənlərinə qayıda biləcəklər.
Gürcüstanın Daxili İşlər Nazirliyi bir daha səlahiyyəti daxilində bütün müvafiq tədbirləri həyata keçirməyə və Gürcüstanın dövlət sərhədində olan şəxslərin vətənlərinə qayıtması prosesində Ukrayna tərəfinə kömək etməyə tam hazır olduğunu bildirir.
İctimaiyyətə məlum olduğu kimi, “Dariali” sərhəd-buraxılış məntəqəsinin neytral zona olaraq bilinən ərazisində Rusiya Federasiyasından gələn, etibarsız sənədlərlə Gürcüstanın dövlət sərhədini keçməyi tələb edən və Ukrayna vətəndaşları olduqlarını deyən 87 nəfər olub. Dövlət təhlükəsizliyi maraqlarından irəli gələrək, qeyd olunmuş şəxslərin ölkəyə daxil olmasına icazə verilmədi, çünki onların hamısının ağır cinayət keçmişi var və dəfələrlə — ağır və ya xüsusilə ağır cinayətlərə görə mühakimə olunublar. Bundan başqa, onların sərhədi keçmək üçün lazım olan etibarlı sənədləri yox idi və Gürcüstanın dövlət sərhədindən buraxılmaq üçün tələb olunan meyarlara cavab vermirdilər.
Ötən aylar ərzində gürcü tərəfi Ukraynanın Gürcüstandakı səfirliyi, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirib. Qeyd olunan məsələnin həlli məqsədilə, həmçinin polis attaşeləri şəbəkəsindən də istifadə edilib, bu şəbəkə çərçivəsində də Gürcüstanın Ukraynadakı polis attaşesi ilə Ukraynanın Daxili İşlər Nazirliyi arasında ünsiyyət baş tutub.
Gürcüstanın Daxili İşlər Nazirliyi xarici işlər nazirliyi və bütün aidiyyəti dövlət qurumları ilə birlikdə səlahiyyəti çərçivəsində bir tərəfdən Gürcüstan əhalisinin təhlükəsizliyinin qorunması, digər tərəfdən isə “neytral zona” olaraq bilinən ərazidə qalan şəxslərin öz vətənlərinə vaxtında qayıtması üçün lazımi tədbirlər görür” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.