Daxili İşlər Nazirliyinin Ekspert-Kriminalistika Departamentinin avtomobil parkı yenilənib
Daxili İşlər Nazirliyinin Ekspert-Kriminalistika Departamentinin avtomobil parkı yüksək keçid qabiliyyətinə malik avtomobillərlə yenilənib.
DİN-in məlumatına görə, yeni nəqliyyat vasitələri həm Tbilisidə, həm də regionlarda fəaliyyət göstərən bölmələrin qruplarına təqdim ediləcək.
Bu yenilənmə regionlarda ekspert-kriminalistlərin mobilliyinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək. Bununla da çətin keçilən və spesifik relyefə malik ərazilərə vaxtında və maneəsiz çatmaq, həmçinin müasir avadanlıqların və əldə edilmiş sübutların müəyyən edilmiş standartlara tam uyğun şəkildə daşınması təmin olunacaq.