Daxili İşlər Nazirliyi türk həmkarlar ilə birlikdə keçirilən tədbirlər nəticəsində Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən 12 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi türk həmkarlar ilə birlikdə keçirilən tədbirlər nəticəsində, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən 12 nəfəri saxlayıb – bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktor müavini İrakli Dondoladze bu gün keçirilən brifinqdə bildirib.
“Son 24 saat ərzində Gürcüstan miqyasında keçirilən polis tədbirləri haqda ictimaiyyətə məlumat vermək istərdik. Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları türk həmkarları ilə birlikdə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən 12 nəfəri saxlayıblar. Onların hamısı Türkiyə Respublikasının vətəndaşıdır” – İrakli Dondoladze bildirib.
Onların məlumatına əsasən, saxlanılan şəxslər Türkiyə polisi tərəfindən beynəlxalq səviyyədə son beş il ərzində İnterpolun “qırmızı sirkulyarı” ilə axtarışa verilmişdi.
“Aparılmış istintaqla müəyyən edilib ki, saxlanılan 12 nəfərdən səkkizi Gürcüstan ərazisinə hələ onların barəsində beynəlxalq axtarış elan olunmazdan əvvəl daxil olub, dörd nəfər isə Gürcüstana qeyri-qanuni şəkildə daxil olub, bunun əsasında da müvafiq cinayət-hüquqi prosedurlar aparılır.
Saxlanılan şəxslər arasında ağır və xüsusilə ağır cinayətləri törətməkdə təqsirləndirilən şəxslər var. Konkret olaraq: ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə (o cümlədən azyaşlı uşağın qətli), qətlə cəhd, quldurluq, azadlığın qanunsuz məhdudlaşdırılması, qəsdən sağlamlığa ağır zərər vurma, mütəşəkkil cinayətkar qrup yaratma və üzv olma, qəsb, oğurluq, odlu silahın qanunsuz şəkildə əldə olunması, saxlanılması və daşınması, narkotik cinayəti, sənədlərin saxtalaşdırılması, investisiya dələduzluğu və mənimsəmə ilə bağlı 178 epizodu törətməkdə ittiham olunaraq axtarışa verilmiş şəxslər” – İrakli Dondoladze qeyd edib.
Onun məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərdən birinin üzərində aparılan axtarış zamanı Türkiyə vətəndaşının qanunsuz şəkildə saxladığı odlu silah və döyüş sursatı maddi sübut kimi götürülüb.
“Qeyd etmək lazımdır ki, axtarışa verilmiş şəxslərin yerinin müəyyən edilməsi və onların saxlanılması əməliyyatından əvvəl uzunmüddətli əməliyyat və axtarış tədbirləri həyata keçirilmişdir. Bu tədbirlərin planlaşdırılmasında da Gürcüstanın Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə, həmçinin Türkiyə Respublikasının İnterpol Bürosu, Türkiyə Milli Polisinin Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə bölmələri və Gürcüstanda Türkiyə Respublikasının Polis və Jandarma attaşeləri iştirak etmişdi” — İrakli Dondoladze bildirib.
Onun məlumatına əsasən, hazırda saxlanılan 12 şəxsin hamısı barəsində qanunla nəzərdə tutulan ekstradisiya öncəsi prosedurlar aparılır.
“Buradaca, bu gün burada bizimlə birlikdə olan türk həmkarlarımıza təşəkkür etmək istərdik. Bizi çoxillik sıx əməkdaşlıq təcrübəsi birləşdirir, birlikdə keçirilmiş daha bir uğurlu polis əməliyyatı bunun bariz nümunəsidir.
Gürcüstanın Daxili İşlər Nazirliyi hər bir vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün mütəşəkkil cinayətkarlığa qarşı kompromissiz mübarizəsini davam etdirir” – Mərkəzi Kriminal Polis Departamentinin direktor müavini bildirib.