Daxili İşlər Nazirliyi “oğru dünyası” ilə əlaqəsi olan 27 nəfəri saxlayıb, altı nəfər barəsində isə qiyabi ittiham irəli sürüləcək, onların arasında bir “qanuni oğru” var
Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları ötən 24 saat ərzində “oğru dünyası” ilə əlaqəsi olan 27 nəfəri saxlayıblar, daha altı nəfər barəsində ittiham irəli sürüləcək, onların arasında xaricdə olan bir nəfər “qanuni oğru” var – bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
“Daxili İşlər Nazirliyinin əməkdaşları müxtəlif kateqoriyalı cinayətlərə qarşı mübarizəni aktiv, fasiləsiz rejimdə davam etdirirlər. Nazirliyin fəaliyyətinin əsas prioritetlərindən biri mütəşəkkil cinayətkarlığa, o cümlədən “oğru dünyası” ilə bağlı cinayətə qarşı mübarizədir.
Qeyd olunan istiqamətdə genişmiqyaslı polis tədbiri nəticəsində Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Gürcüstanın Baş Prokurorluğu ilə birlikdə ötən 24 saat ərzində “oğru dünyası” ilə əlaqəsi olan 27 nəfəri saxlayıblar. Daha altı nəfər barəsində, bir hissəsinə penitensiar müəssisədə, bir hissəsinə isə qiyabi olaraq ittiham irəli sürüləcək, onların arasında xaricdə olan bir nəfər “qanuni oğru” var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hakimin qərarı əsasında intensiv şəkildə aparılmış gizli istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin göstərişləri xaricdə olan “qanuni oğru” Mamuka Çxaberidzedən aldığı və onun tapşırıqlarına uyğun hərəkət etdikləri müəyyən edilib. Onlar sistemli şəkildə bir-biri ilə əlaqə saxlayır və qərarları oğru ənənələrinə uyğun qəbul etdikləri “oğru həlli” təşkil ediblər.
Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslər tərəflər arasında maliyyə mübahisələrinə baxır, bu zaman tərəflərdən birinin üzərinə digərinin, eləcə də özlərinin xeyrinə məbləğ ödəmək öhdəliyi qoyurlarmış. Konkret müddətlərin pozulması halında isə fiziki cəza və ölümlə təhdid edirlərmiş.
Polis təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində axtarış nəticəsində maddi sübut kimi kompyuter texnikası, bir-biri ilə və xaricdə olan “qanuni oğru” ilə əlaqə saxladıqları mobil telefonlar götürüb. İstintaq hərəkətləri nəticəsində polis tərəfindən müxtəlif növ odlu silah və döyüş sursatı da müsadirə olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima, 223-cü tertsia, 223-cü kvarta və 236-cı maddələri ilə aparılır, bu da 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, Daxili İşlər Nazirliyi tərəfindən cari ildə mütəşəkkil cinayətkarlığa qarşı keçirilən polis tədbirləri mühüm nəticələr verib.
Yanvarın birindən bu günədək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “oğru dünyası” ilə əlaqəsi olan 343 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib, onların arasında səkkiz nəfər “qanuni oğru” var” – DİN-in məlumatında qeyd olunur.