Daxili İşlər Nazirliyi narkotik cinayətləri ilə bağlı keçirilən əməliyyatlar zamanı 121 nəfəri saxlayıb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var
Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə üzrə keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik cinayətləri ilə bağlı 121 nəfəri saxlayıblar. Saxlanılanlardan 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı sxemində müxtəlif formalarda iştirak etməkdə ittiham olunur.
DİN-də keçirilən brifinqdə bildirilib ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Məlumata görə, məhkəmə qərarı əsasında polis tərəfindən narkotik vasitələrin bir neçə dəfə nəzarətli alışı həyata keçirilib, bu proses gizli audio və video çəkilişlə sənədləşdirilib.
Hüquq-mühafizə orqanları həmçinin, ifşa məqsədilə onların adına gizli şəkildə göndərilən bağlamaları əvəz etdikdən sonra xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilən şəxsləri də saxlayıblar.
Şübhəlilərin üzərində, yaşayış evlərində və avtomobillərində aparılan axtarışlar, eləcə də istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr, o cümlədən metadon, alfa-PVP, kokain, ketamin, buprenorfin, marixuana, çətənə bitkisi və digər narkotik vasitələr maddi sübut kimi götürülüb.
Bundan başqa, narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan ləvazimatlar, elektron tərəzilər və narkotik satışından əldə edildiyi ehtimal olunan pul vəsaiti də müsadirə olunub.
Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 260³, 260⁴, 261 və 265¹-ci maddələri ilə istintaq aparılır. Bu maddələr üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Daxili İşlər Nazirliyi bildirib ki, narkotik cinayətlərinə qarşı barışmaz mübarizə davam etdirilir. Cari ilin ilk altı ayında narkotik cinayətləri ilə bağlı təxminən 5 min nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan təxminən 1000 nəfəri narkotik satışı ilə müxtəlif formalarda məşğul olmaqda ittiham olunur. Ötən ilin eyni dövrü ilə müqayisədə narkotik cinayətləri üzrə məsuliyyətə cəlb olunanların sayı 85 faiz artıb. Nazirlik vurğulayıb ki, narkotik ticarəti ilə məşğul olan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.