Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları qrup halında xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması və satışına şərait yaratmaq ittihamı ilə iki xarici ölkə vətəndaşını saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatında, istintaqın Cinayət Məcəlləsinin 260-cı və 260-cı “kvarta” maddələri ilə aparıldığı, bunun da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutduğu deyilir.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış mənzilində apardıqları axtarış nəticəsində maddi sübut kimi xüsusilə külli miqdarda narkotik, o cümlədən satmaq üçün bükülmüş 331 bağlama “marixuana” narkotik vasitəsini götürüblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da götürülüb” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.