Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa qarşı informasiya kampaniyasına başlayıb
Daxili İşlər Nazirliyi ictimai maarifləndirmə məqsədilə mütəşəkkil cinayətkarlığa qarşı “Bil ki, səni qanun qoruyur!” şüarı ilə kampaniyaya başlayıb. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Daxili İşlər Nazirliyinin prioritet istiqamətlərindən biri də mütəşəkkil cinayətkarlığa qarşı mübarizədir. Mərkəzi Kriminal Polis İdarəsi Avropa İttifaqının dəstəyi ilə mütəşəkkil cinayətkarlığa qarşı informasiya kampaniyasına başlayıb.
Kampaniyanın məqsədi mütəşəkkil cinayətkarlıqla mübarizə mövzusunda ictimaiyyətin maarifləndirilməsi və polisə etimadın artırılmasıdır. Tədbiri daxili işlər nazirinin müavini – Aleksandr Daraxvelidze və Aİ nümayəndə heyətinin nümayəndəsi Katalin Qerman açıblar.
Kampaniya çərçivəsində mütəşəkkil cinayətkarlıqla effektiv mübarizə və ictimaiyyəti məlumatlandırmaq üçün 4 videoçarx hazırlanıb ki, bunun da əsas mesajı “Bil ki, səni qanun qoruyur”! Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Mamuka Çelidze dəvət olunmuş qonaqlara idarənin fəaliyyəti haqqında hesabat təqdim edib. O, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən, beynəlxalq polis əməkdaşlığından və əldə olunan nəticələrdən danışıb. Kampaniyanın təqdimatında müxtəlif nazirliklərin, Avropa İttifaqının, ABŞ səfirliyinin və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Məlumat kampaniyası Aİ tərəfindən maliyyələşdirilən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə layihəsinin bir hissəsidir.