Daxili İşlər Nazirliyi Marneulidə qətl faktını açıb - bir nəfər saxlanılıb

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli və Türkiyə Respublikasının Artvin vilayətinin polis departamentlərinin əməkdaşları keçirilən birgə əməliyyat çərçivəsində, qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi-saxlanılması-daşınması ittihamı ilə 2002-ci il təvəllüdlü şəxsi “Kartsaxi” sərhəd sektorunun ərazisində saxlayıblar. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən qızıl-zinət əşyaları mağazasından birində odlu silahla ata və oğula xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralıları tibb klinikasına aparıblar və onlardan biri aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətkarın kimliyini tezliklə müəyyən ediblər və ona qarşı qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri görülüb.

Qeyd olunan cinayət işi üzrə istintaq 19-109-cu və 236-cı maddələr ilə aparılır, bu da 20 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinə, eləcə də Gömrük və Xarici Ticarət Xidmətinin nümayəndələrinə operativ əməkdaşlığa görə təşəkkür edirik. Gürcü tərəfini Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətə qarşı mübarizə prosesində sıx və səmərəli tərəfdaşlıq birləşdirir. Qeyd olunan əməkdaşlıq çərçivəsində, onlarla koordinasiya ilə bir sıra, o cümlədən ağır kateqoriyalı cinayətlər açılıb” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.