Daxili İşlər Nazirliyi fahişəliyə şərait yaratma və fahişəlik üçün yer vermək ittihamı ilə 12 nəfəri saxlayıb və 13 obyekti bağlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birlikdə, son 24 saatda Tbilisi və Sameqrelo regionunda, məhkəmənin qərarı əsasında kompleks şəkildə aparılmış istintaq hərəkətləri nəticəsində, fahişəliyə şərait yaratma və fahişəlik üçün yer vermək ittihamı ilə 12 nəfəri saxlayıb və 13 obyekti bağlayıblar – bu barədə Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Tornike Marsaqişvili brifinqdə deyib.
Marsaqişvilinin qeyd etdiyi kimi, saxlanılanlar arasında həm Gürcüstan, həm də Çin vətəndaşları var.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayət işi üzrə aparılan gizli istintaq hərəkətləri, xüsusilə – audio qeydlər və video çəkilişlər nəticəsində əldə olunan sübutlarla təsdiq olunub ki, obyektlərin menecerləri və administratorları fahişəliklə məşğul olan qadınlara sistemli şəkildə kömək edirdilər. Belə ki, onlar Tbilisidə Marcanişvili, Ağmaşenebeli, Dadiani və Tsinamdzğvrişvili küçələrində yerləşən obyektlərdə sahələri müəyyən miqdarda pul qarşılığında verirdilər.
İstintaqla həmçinin o da müəyyən edilir ki, qeyd olunan obyektlərin administratorları fahişəliklə məşğul olan qadınlara müştəri tapmaqda da kömək edirdilər, əvəzində isə qadınlar göstərilən cinsi xidmətdən əldə etdikləri gəlirdən təqsirləndirilən şəxslərə ödəyirdilər.
Həmçinin müəyyən edilir ki, qeyd olunan obyektlərin əsas gəliri fahişəliyə şərait yaratma nəticəsində əldə olunan vəsaitdən ibarət olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan axtarış nəticəsində, ehtimal ki, fahişəliyə şərait yaratma nəticəsində əldə edilmiş pul vəsaitini maddi sübut kimi götürüblər” – Tornike Marsaqişvili bildirib.
Onun sözlərinə əsasən, cinayətlər 4 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə aparılır, bu da fahişəliyə şərait yaratma və fahişəlik üçün yer verməni nəzərdə tutur” – Tornike Marsaqişvili bildirib.