Daxili İşlər Nazirliyi “Dariali” sərhəd-keçid məntəqəsində olan şəxslərlə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyi “Dariali” sərhəd-keçid məntəqəsində olan şəxslərlə bağlı bəyanat yayır

Daxili İşlər Nazirliyi “Dariali” sərhəd-keçid məntəqəsində olan şəxslərlə bağlı bəyanat yayıb. Qurumun məlumatına görə, Gürcüstanın dövlət sərhədində, xüsusilə “Dariali” keçid məntəqəsində bir neçə hal qeydə alınıb – Rusiya Federasiyasından gələn şəxslər etibarsız sənədlərlə Gürcüstana daxil olmaq istəyirlər və bildirirlər ki, Ukrayna vətəndaşıdırlar. Hazırda Gürcüstan sərhədində bu cür 80-ə yaxın şəxs var və onların əksəriyyəti ölkəyə daxil olmaq üçün tələb olunan meyarlara cavab vermir.

Nazirliyin bəyanatında vurğulanır ki, bütün dövlət qurumları öz səlahiyyətləri çərçivəsində tədbirlər görürlər ki, neytral zonada olan bu şəxslərin tez bir zamanda vətənlərinə qaytarılması və Gürcüstan əhalisinin təhlükəsizliyinin qorunması təmin olunsun.

“Cəmiyyətə məlumat vermək istəyirik ki, Rusiya Federasiyasından gələn və etibarsız sənədlərlə Gürcüstan sərhədini keçmək istəyən şəxslər “Dariali” keçid məntəqəsindədirlər və Ukrayna vətəndaşı olduqlarını bildirirlər.

Bu şəxslərin əksəriyyətinin ağır cinayət keçmişi var və bir neçə dəfə xüsusilə ağır cinayətlərə görə məhkum olunublar. Onlar təqdim etdikləri penitensiar müəssisədən azad olunma sənədləri ilə bunu təsdiqləyirlər. Bundan əlavə, özləri də bildirirlər ki, Şərqi Ukraynadakı penitensiar müəssisələrdə cəza çəkiblər. Buna görə də dövlət təhlükəsizliyi baxımından onlara Gürcüstana daxil olmağa icazə verilməyib.

Bununla belə, Gürcüstan tərəfi Ukrayna tərəfinə neytral zonada olan bu şəxslərin təhlükəsiz şəkildə ölkələrinə qaytarılması üçün bir neçə mexanizm təklif edib. Gürcüstan həm hava, həm də dəniz yolu ilə onların geri qaytarılması variantlarını irəli sürüb. Lakin Ukrayna tərəfi hələlik dəniz yolu ilə bu şəxslərin qaytarılmasından imtina edib və onların çıxarılması ilə bağlı konkret qərar qəbul etməyib. Hazırda bu şəxslərin hava yolu ilə təhlükəsiz şəkildə vətənlərinə qaytarılması istiqamətində aktiv məsləhətləşmələr aparılır. Ümid edirik ki, Ukrayna tərəfi tezliklə öz vətəndaşlarının geri qaytarılması barədə qərar verəcək.

Cəmiyyətə bir daha xatırladırıq ki, son zamanlar Gürcüstanın dövlət sərhədində, xüsusilə “Dariali” keçid məntəqəsində bir neçə hal müşahidə olunub – Rusiya Federasiyasından gələn şəxslər Gürcüstan sərhədini keçmək üçün etibarsız sənədlər təqdim edir və Ukrayna vətəndaşı olduqlarını bildirirlər. Hazırda bu cür 80-ə yaxın şəxs sərhəddədir və onların əksəriyyəti sərhəddən keçid üçün müəyyən edilmiş tələblərə cavab vermir.

Daxili İşlər Nazirliyinin əsas vəzifəsi ölkədə təhlükəsizlik və hüquq qaydasını qorumaq, əhalinin təhlükəsizliyinə və əmin-amanlığına təhlükə törədə biləcək şəxslərin ölkəyə daxil olmasının qarşısını almaqdır.

Bütün dövlət qurumları, səlahiyyətləri daxilində, neytral zonada olan bu şəxslərin vətənlərinə tez və təhlükəsiz şəkildə qaytarılması üçün zəruri tədbirləri görürlər,” – deyə Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunur.