Daxili İşlər Nazirliyi - Bolnisi Munisipalitetində yol-nəqliyyat hadisəsindən sonra baş verən qarşıdurmada DİN-in bir neçə əməkdaşı və 8 vətəndaş xəsarət alıb
Daxili İşlər Nazirliyi - Bolnisi Munisipalitetində yol-nəqliyyat hadisəsindən sonra baş verən qarşıdurmada DİN-in bir neçə əməkdaşı və 8 vətəndaş xəsarət alıb

 
Gürcüstanın Daxili İşlər Nazirliyi Bolnisi Munisipalitetinin Naxiduri kəndində inkişaf etmiş hadisələrlə bağlı əlavə məlumat yayır.

Daxili İşlər Nazirliyindən dedikləri kimi, mərkəzi avtomobil yolunda yetkinlik yaşına çatmamış iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yerli əhali hadisə yerinə toplaşıb və vəziyyət gərginləşib.

“Hadisə yerinə toplaşan vətəndaşlar arasında, eləcə də vətəndaşlarla ictimai asayişi qorumaq üçün hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib.

Hadisə yerinə toplaşan insanlar qəzada iştirak edən avto-nəqliyyat vasitəsini, eləcə də təcili tibbi yardım briqadasının avtomobilini aşırıblar.

Həmçinin, onlar ərazidə olan digər vətəndaşların avtomobillərinin şüşələrini zədələyiblər və sındırıblar.

Hadisə yerinə toplaşan insanlar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitəsinin sərnişinlərinin hərəkətinə imkan vermirdilər, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının istintaq hərəkətləri aparmasına əngəl olurdular. Bununla yanaşı, təcili tibbi yardım briqadasının həkimlərinə işləmək imkanı vermirdilər.

Vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, kriminal və xüsusi tapşırıqlar departamentinin əməkdaşları dərhal hadisə yerinə gəliblər” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qarşıdurma nəticəsində qurumun bir neçə əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və 8 vətəndaş yaralanıb, onlara müvafiq tibbi yardım göstərilib. Onların bir hissəsi indiyədək tibb müəssisələrində qalır.

Marneuli-Bolnisi yolunda iki yeniyetmənin həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi bir neçə saat bundan əvvəl baş verib. Baş vermiş hadisə sözlü və fiziki qarşıdurma ilə müşayiət olunub.

Daxili İşlər Nazirliyi yol-nəqliyyat hadisəsini törədən sürücünün saxlanılması və istintaq aparılması haqda məlumat verir.

Bolnisi Xəstəxanasından bildirirlər ki, yol-nəqliyyat hadisəsindən sonra baş vermiş qarşıdurmada yaralananlardan ikisinin vəziyyəti ağırdır və onlar Tbilisiyə aparılır.