Daxili İşlər Nazirliyi biznesmen Levan Canqveladzenin qətlinin təşkilatçısı kimi Otar Partsxaladzeni göstərib
Daxili İşlər Nazirliyi biznesmen Levan Canqveladzenin qətlinin təşkilatçısı kimi Otar Partsxaladzeni göstərib

 

Daxili İşlər Nazirliyi biznesmen Levan Canqveladzenin qətlinin təşkilatçısı kimi Gürcüstanın sabiq baş prokuroru Otar Partsxaladzeni göstərib.

Bu haqda daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə danışıb. O, Canqveladzenin qətl işinin tam açıldığını bildirib.

“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən yüzlərlə istintaq hərəkəti nəticəsində əldə edilən dəlillərlə Levan Canqveladzenin qətlini sifarişlə və xudbinliklə törədən mütəşəkkil dəstəyə kimin rəhbərlik etdiyi müəyyən edilib. Müvafiq olaraq, qeyd olunan cinayət işini bu istiqamətdə tam açılmış elan edə bilərik.

Bizim tərəfimizdən əldə edilən dəlillər əsasında, Gürcüstanın Baş Prokurorluğu tərəfindən Otar Romanov Partsxaladzenin təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb.

Aparılan istintaqla müəyyən edilib ki, zaman ərzində cinayətkar dəstə olaraq formalaşmış şəxslər dairəsi və bu dəstənin liderləri Otar Romanov Partsxaladze və onun etibar etdiyi şəxslər – qardaşlar Davit və Qiorqi Mikadzelər biznes fəaliyyəti ilə əlaqədar Levan Canqveladze ilə müəyyən ixtilaf və qarşıdurma yaşayırdılar və Levan Canqveladze ilə uzun müddət münaqişə yaşayan digər şəxslərin sifarişi ilə Levan Canqveladzenin qətlini təşkil ediblər.

Levan Canqveladzenin qəsdən öldürülməsinə, yaradılmış cinayətkar dəstənin qeyd-şərtsiz lideri – Otar Romanov Partsxaladze rəhbərlik edirdi. Onun göstərişi və tapşırığı ilə qardaşlar Davit və Qiorqi Mikadzelər öz növbəsində dostları və etibar etdikləri Qiorqi Coxadze ilə əlaqə saxlayıblar və qətl planını açıqlayıblar.

Cinayətkar niyyətin həyata keçirilməsi, planlaşdırılan sifarişli qətlin törədilməsi üçün onlar Qiorqi Coxadzenin mühafizəsinin sabiq əməkdaşı Qela Udzilaurini tapıblar.

Cinayətkar dəstə tərəfindən həmçinin Levan Canqveladzenin Gürcüstana gəlişinin dəqiq vaxtı və hərəkət marşrutu barədə məlumat əldə edilib, bundan sonra da Qela Udzilauri 2025-ci ilin martın 14-də Tbilisidə, Cavcavadze prospektində sifariş və xudbinliklə Levan Canqveladzeni qətlə yetirib, onu müşaiyət edən şəxsə isə eyni odlu silahdan bədən xəsarəti yetirib.

İş üzrə bir sıra istintaq və prosessual hərəkətlər aparılıb, onlarla ekspertiza həyata keçirilib, onlarla şahid dindirilib, bir sıra maddi sübutlar götürülüb və oxşar işlərin istintaq spesifikasını nəzərə alaraq, müvafiq sübut standartına uyğun olaraq, həm cinayətkar dəstənin rəhbəri, həm də onun cinayətkar dəstəsinin üzvləri tərəfindən Levan Canqveladzenin qətlinin törədilməsini ifşa edən təkzibolunmaz dəlillər əldə olunub.

Cəmiyyətə məlumdur ki, qeyd olunan iş üzrə cinayətin birbaşa icraçısı Qela Udzilauri qətlin törədilməsindən sonra tezliklə saxlanılıb. Onun barəsində cari ilin oktyabrın 24-də məhkəmə məhkumedici hökm çıxarıb və Udzilaurini ömürlük həbs cəzasına məhkum edib.

Həmçinin, Qiorqi Mikadze, Mamuka Bağdavadze, Qiorqi Kackacaşvili iş üzrə saxlanılıb, Davit Mikadze və Qiorqi Coxadze isə axtarışa verilib. Həmçinin, onların keçmiş dostu, Levan Canqveladzeni öldürmək üçün istifadə edilən silahın əvvəllər adına qeydiyyatda olan Sandro Tsivtsivadze saxlanılıb.

Adı çəkilən təqsirləndirilən şəxslər barəsində iş üzrə Tbilisi Şəhər Məhkəməsində müzakirə davam edir.

Cinayətkar dəstənin lideri Otar Romanov Partsxaladzeyə gəlincə: prokuror tərəfindən çıxarılmış müvafiq qərara əsasən, o, Levan Canqveladzenin sifarişlə və xudbinliklə qəsdən öldürülməni təşkil etməkdə ittiham olunur, cinayət Gürcüstan Cinayət Məcəlləsinin 25/109-cu maddəsinin “n” yarımbəndində nəzərdə tutulub və cəza növü və müddəti olaraq 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

İttiham tərəfi Otar Romanov Partsxaladzeyə qarşı həbs qətimkan tədbiri seçilməsi vəsatəti ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək və haqqında beynəlxalq axtarış elan ediləcək” – Aleksandre Daraxvelidze bildirib.