Daxili İşlər Nazirliyi Batumidə yanvarın 20-də baş vermiş hadisə ilə əlaqədar bəyanat yayır
Daxili İşlər Nazirliyi Batumidə yanvarın 20-də baş vermiş hadisə ilə əlaqədar bəyanat yayır.
Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, Batumidə psixi pozğunluğu olan vətəndaş 3 patrul müfəttişinə bıçaqla bədənlərinin müxtəlif nahiyələrindən xəsarət yetirib.
“Cari ilin yanvarın 20-də İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzinə – 112-yə Batumidə Komaxidze küçəsindəki psixi pozğunluğu olan vətəndaşla bağlı məlumat daxil olub.
Patrul Polis Şöbəsinin Acara Baş İdarəsinin əməkdaşları məlumat əsasında hadisə yerinə gediblər və bu zaman ruhi xəstə şəxs – 1998-ci il təvəllüdlü Q.N. üzərində olan bıçaqla gözlənilmədən onlara hücum edib. Q.N. onun tərksilah edilməsi və saxlanılması prosesində 3 patrul müfəttişinə bıçaqdan istifadə etməklə bədənlərinin müxtəlif nahiyələrindən xəsarət yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Q.N.-ni təqsirləndirilən şəxs qismində yerindəcə saxlayıblar. Xəsarət alan patrul müfəttişləri xəstəxanaya çatdırılıblar, onlara müvafiq tibbi yardım göstərilib. Onların hər üçü indiyədək xəstəxanada qalır.
Polisə hücum faktı ilə əlaqədar istintaq Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə aparılır” – qurumun bəyanatında qeyd olunub.