Daxili İşlər Nazirliyi - Aksiyalarda polislərə hücum və od vurmaqla əşyaya ziyan vurulması ittihamı ilə 3 nəfər saxlanılıb, 224 nəfər inzibati qaydada həbs edilib
Aksiyalarda polislərə hücum və od vurmaqla əşyaya ziyan vurulması ittihamı ilə 3 nəfər saxlanılıb – bu haqda bəyanatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.
Bununla yanaşı, nazirliyin məlumatına əsasən, İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 224 nəfər həbs edilib.
“Cari ilin dekabrın 1-2-də Rustaveli prospektində, parlamentə bitişik ərazidə inkişaf etmiş hadisələr haqda ictimaiyyətə məlumat vermək istərdik. Aksiya iştirakçıları tərəfindən törədilmiş qanuna zidd və zorakı hərəkətlər nəticəsində ötən gecə Daxili İşlər Nazirliyinin 21 əməkdaşı xəsarət alıb. Xəsarət alanların bir hissəsində baş, üz və bədənin müxtəlif nahiyələrində ağır xəsarətlər qeydə alınır.
Son vaxtlarda davam edən aksiyalar boyunca Daxili İşlər Nazirliyinin ümumilikdə 113 əməkdaşı xəsarət alıb, onlardan dördü bu vaxtadək tibb müəssisəsində qalır.
Əvvəlki günlərdə olduğu kimi, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, aksiyanın gedişatı zamanı aksiya iştirakçılarının bir hissəsi tərəfindən dəfələrlə təxribat xarakterli hərəkətlər törədilib.
İctimaiyyət zorakılıq törədən qrupların parlament binasına və Rustaveli prospektində yerləşən infrastruktura necə ziyan vurduğunu izləyirdi.
Aksiya iştirakçıları gecə saatlarında Rustaveli prospektindəki bələdiyyə mülkiyyətinə və fərdi fiziki şəxslərin əmlakına ziyan vurdular, zərər görmüş əşyalarla barrikadalar qurdular və bəzi əşyalara od vurdular.
İctimaiyyətin məlumatlandırılması məqsədilə izah etmək istərdik ki, davam edən aksiyalar çərçivəsində zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri üzrə Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 187 və 353-cü maddələri ilə istintaq aparılır.
İstintaq çərçivəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xidməti fəaliyyəti ilə məşğul olan zaman polislərə hücum və od vurmaqla əşyaya ziyan vurulması ittihamı ilə iki nəfəri: 2007-ci il təvəllüdlü M.Q.-ni və əvvəllər dəfələrlə məhkum olunmuş – 2003-cü il təvəllüdlü Q.M.-i saxlayıblar.
Cinayətlər yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, cari ilin noyabrın 29-da Rustaveli prospektində keçirilən aksiya zamanı 9 Aprel küçəsində təqsirləndirilən şəxs Q.M. pirotexniki vasitə atmaqla Daxili İşlər Nazirliyinin əməkdaşının bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib, ona müvafiq tibbi yardım göstərilib. M.Q. isə həmin gün qanunverici orqanın binasına yandırıcı əşya atıb, bundan sonra da parlament binasının otaqlarından birində yanğın baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri istintaq hərəkətləri nəticəsində hər iki təqsirləndirilən şəxs Tbilisidə saxlanılıb.
Həmçinin, ictimaiyyətə məlumat veririk ki, cari istintaq çərçivəsində xidməti fəaliyyəti ilə məşğul olan zaman polislərə hücum və od vurmaqla əşyaya ziyan vurulması ittihamı ilə 3 nəfər saxlanılıb.
Cinayət törətmiş bütün şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində Daxili İşlər Nazirliyində istintaq davam edir.
Bir daha qeyd edirik ki, hər bir qanuna zidd hərəkət hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq hüquqi cavabla müşaiyət olunacaq.
Buradaca, son günlər ərzində Gürcüstan Parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı xırda xuliqanlıq və polisə müqavimət, tabe olmamaq faktı üzrə saxlanılmış şəxslər haqda ictimaiyyətə məlumat vermək istərdik. İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 224 nəfər saxlanılıb.
Saxlanılmış şəxslərdən 98 nəfərin inzibati işinin materialları Tbilisi Şəhər Məhkəməsinə təqdim edilib, onlardan 74 nəfərə qarşı iş üzrə icraat tamamlanıb.
İcraatı tamamlanmış 74 işdən 36 nəfər cərimələnib; 34 nəfər barəsində inzibati həbs tətbiq edilib; Dörd nəfərə xəbərdarlıq edilib.
Geridə qalan şəxslər barəsində məhkəmələrdə inzibati qanun pozuntularına dair işlər üzrə icraat davam etdirilir.
Məlum olduğu kimi, bu gün də Tbilisi və Gürcüstanın digər şəhərlərində etiraz aksiyaları planlaşdırılıb. Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları asayişin qorunması məqsədilə keçirilən aksiyaların ətraf ərazilərinə səfərbər ediləcəklər.
Gürcüstan qanunvericiliyi ilə toplaşma, nümayiş və ifadə hüququ qorunur, həmçinin ictimai asayişin və təhlükəsizliyin qorunması üçün etirazın ifadə edilməsinin formaları müəyyən edilib.
Aksiyanın təşkilatçılarını etirazlarını qanunla müəyyən edilmiş çərçivədə ifadə etməyə çağırırıq, istənilən qanuna zidd hərəkət polis tərəfindən müvafiq hüquqi cavabla müşaiyət olunacaq” – bəyanatda qeyd olunub.