Daxili İşlər Nazirliyi Ağayan kəndi yaxınlığında baş vermiş hadisə ilə bağlı açıqlama verir
Daxili İşlər Nazirliyi Ağayan kəndi yaxınlığında baş vermiş hadisə ilə bağlı açıqlama verir

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, cari ilin 7 mart tarixində patrul polisinin ekipajı yoxlama məqsədilə Mtsxeta bələdiyyəsinin Tsixisdziri kəndində hərəkətdə olan avtomobilə dayanmaq göstərişi verib. Qurumun açıqlamasına əsasən, hüquq-mühafizə orqanlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, avtomobilin sürücüsü yüksək sürətlə Ağayan kəndi istiqamətində hərəkətini davam etdirib, buna görə də patrul ekipajı qayda pozan avtomobilin arxasınca gedib.

DİN-də bildirilib ki, KIA markalı avtomobilin dövlət nömrəsi identifikasiya edildikdən sonra patrul polisinin ekipajı qayda pozan avtomobildən uzaqlaşıb. Ağayan kəndindən Tbilisi-Senaki-Leselidze avtomagistralı istiqamətində hərəkət zamanı patrul ekipajı KIA markalı zədələnmiş avtomobili və onun içində olan üç nəfəri görüb, onlar patrul-inspektorların köməyi ilə avtomobildən çıxarılıblar.

DİN-in açıqlamasına görə, xəsarət alan şəxslər daha sonra müvafiq tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya aparılıb.

Qurumun məlumatına əsasən, hadisədən sonra hadisə yerinə yerli sakinlər toplaşıb. Onlar aqressiv davranış nümayiş etdiriblər və bu zaman patrul polisinin avtomobili zədələnib.

DİN-in bildirdiyinə görə, avtomobilin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması, eləcə də polis fəaliyyətinə müdaxilə ilə bağlı xidməti nəqliyyat vasitəsinə hücum faktı üzrə Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi və 353-cü prima maddəsi ilə istintaq aparılır.