Daxili işlər nazirinin müavini Qiorqi Saxokia Azərbaycana işgüzar səfərə gedib
Daxili işlər nazirinin müavini Qiorqi Saxokia nümayəndə heyəti ilə birlikdə Azərbaycana işgüzar səfərə gedib. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatında, səfər çərçivəsində nazir müavininin Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovla görüş keçirdiyi deyilir.
“Tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində mövcud tərəfdaşlığı və onun dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. İki ölkənin nazirlərinin cari ilin noyabrın 21-də imzaladığı Gürcüstan və Azərbaycan Respublikasının daxili işlər nazirlikləri arasında Əməkdaşlıq haqqında Sazişin əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Həmçinin, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və Polis Attaşeləri İnstitutunun gücləndirilməsinə toxunulub, eləcə də iki ölkənin polis təhsil müəssisələri arasında əməkdaşlığın prioritet sahələri müzakirə edilib. Ən yaxşı təcrübənin mübadiləsinin əhəmiyyəti və polis akademiyaları arasında birgə təlim və kursların təşkili məsələləri haqda danışıblar. Görüşün sonunda Qiorqi Saxokia ev sahibliyinə və səmərəli əməkdaşlığına görə Vilayət Eyvazova təşəkkür edib.
Səfər çərçivəsində daxili işlər nazirinin müavini Fövqəladə Halların İdarəolunması Xidmətinin rəisi Teymuraz Mğebrişvili ilə birlikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edib. Qiorqi Saxokia Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyasını ziyarət edib, akademiyanın infrastrukturu və təhsil proqramları ilə yerində tanış olub, eləcə də yubiley tarixinə həsr olunmuş təntənəli paradda iştirak edib.
Bundan başqa, daxili işlər nazirinin müavini “Fəxri Xiyaban”ı və “Şəhidlər Xiyabanı”nı ziyarət edərək, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin və azərbaycanlı qəhrəmanların xatirəsini ehtiramla yad edib” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.