Daxili İşlər Nazirinin birinci müavini Türkiyə Daxili İşlər Nazirliyinin Milli Polis İdarəsinin Gürcüstanda işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirib

16:19, 07.08.2026

Daxili işlər nazirinin birinci müavini Roni Mesxi Gürcüstanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Milli Polis İdarəsinin nümayəndə heyəti ilə görüş keçirib.
Nümayəndə heyətinə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamentinin rəisi Serdar Büyükleblebici rəhbərlik edib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığı və prioritet istiqamətləri müzakirə ediblər. Cinayətkarlıqla effektiv mübarizədə birgə səylərin və əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.
Tərəflər, həmçinin hüquq-mühafizə sahəsində hər iki ölkə üçün aktual olan məsələləri nəzərdən keçirib və gələcək birgə fəaliyyət planlarını müzakirə ediblər. Onlar əməkdaşlığın daha da intensivləşdirilməsi istiqamətində hazır olduqlarını bildiriblər.
Görüşdə Mərkəzi Kriminal Polis, Patrul Polisi, Acarıstan Polisi və Beynəlxalq Əlaqələr Departamentlərinin rəhbərləri, eləcə də Gürcüstanın Türkiyə Respublikasındakı polis attaşesi iştirak edib.
Səfər çərçivəsində keçirilən görüşün sonunda nümayəndə heyətinin rəhbəri səmərəli görüş və səmimi qonaqpərvərliyə görə Gürcüstan tərəfinə təşəkkürünü ifadə edib.

Oxşar