Daxili işlər naziri Qoridə hücum nəticəsində yaralanan və xəsarət alan polisləri ziyarət edib
Gürcüstanın daxili işlər naziri Qela Qeladze Qoridə baş vermiş hücum nəticəsində yaralanan və xəsarət alan polisləri ziyarət edib.
Qurumun məlumatına əsasən, nazir zərər çəkmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının sağlamlıq vəziyyəti ilə bağlı həkimlərdən ətraflı məlumat alıb.
“Qela Qeladze klinikaya yerləşdirilən polislərlə danışıb və onlara şəfa tapmalarını arzulayıb. Nazirlə birlikdə nazirin birinci müavini Roland Mesxi və Şida Kartli Polis Departamentinin direktoru Kaxaber Muradaşvili xəsarət alan hüquq-mühafizə orqanlarının əməkdaşlarını ziyarət edib” – DİN-in məlumatında qeyd olunub.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cari ilin iyulun 16-da Qori Munisipalitetinin Xeltubani kəndində xidməti vəzifələrini yerinə yetirərkən bir neçə vətəndaş tərəfindən Şida Kartli Polis Departamentinin əməkdaşlarına hücum edilib. Hadisə nəticəsində üç polisə soyuq silahla xəsarətlər yetirilib, birinin üz nahiyəsində isə müxtəlif dərəcəli xəsarətlər qeydə alınır.
Şida Kartli Polis Departamentinin əməkdaşları hadisə ilə əlaqədar 5 nəfəri şübhəli şəxs qismində saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 2-ci hissəsi ilə aparılır.