Gürcüstanın daxili işlər naziri Qela Qeladze Macarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində nazir macar həmkarı Şandor Pinter ilə ikitərəfli formatda görüş keçirib.
Tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud səmərəli və məhsuldar əməkdaşlıqdan danışıblar. Müxtəlif istiqamətlərdə mövcud sıx tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Gürcüstanın daxili işlər naziri qeyd edib ki, gürcü tərəfi əməkdaşlığın mövcud mexanizmlərinin daha da çevik və səmərəli olması üçün macar həmkarları ilə birlikdə fəal şəkildə işləməyə davam etməyə hazırdır.
Tərəflər, həmçinin qurumlar arasında təcrübə və ən yaxşı praktikanın mübadiləsi məqsədilə müvafiq tədbirləri həyata keçirməyə hazır olduqlarını ifadə ediblər.
Görüşün sonunda Qela Qeladze məhsuldar əməkdaşlığa görə Şandor Pinterə minnətdarlığını bildirib və onu Gürcüstana cavab səfərinə dəvət edib.
Daxili işlər nazirinin Macarıstana rəsmi səfəri Gürcüstan-Macarıstan Hökumətlərarası Sammiti çərçivəsində baş tutub. İki ölkənin nazirlər kabinetinin üzvləri Gürcüstan və Macarıstanın baş nazirlərinin həmsədrliyi ilə keçirilən Hökumətlərarası Sammitin ikinci iclasında iştirak edəcəklər.