Daxili işlər naziri Sulxan Tamazaşvili Patrul Polisi Departamentinin rəhbər şəxsləri və əməkdaşları ilə görüş keçirib.
DİN-in məlumatına görə, nazir departamentin infrastrukturunu, iş məkanlarını və vahid xidmət mərkəzini nəzərdən keçirib, həmçinin əməkdaşlarla söhbət edib və onların fəaliyyəti ilə tanış olub.
“Sulxan Tamazaşvili patrul polisi əməkdaşlarına hüquq qaydasının qorunması, cinayətkarlıqla mübarizə və yol təhlükəsizliyinin təmin olunması istiqamətində gördükləri işlərə görə təşəkkür edib. Görüşdə patrul polisinin fəaliyyətinin effektivliyinin artırılması, vətəndaşlar üçün polis xidmətlərinin əlçatanlığının yaxşılaşdırılması məqsədilə həyata keçirilən və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Nazir həmçinin qeyd edib ki, polis əməkdaşları üçün iş şəraitinin yaxşılaşdırılması və polis infrastrukturunun yenilənməsi prioritetdir və bu istiqamətdə işlər aktiv şəkildə davam etdiriləcək”, – DİN-in məlumatında deyilir.