Daxili İşlər Naziri Gela Geladze Acara bölgəsində bir sıra işgüzar görüşlər keçirdi. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nazir Acarıstan Polis Departamentinin, eləcə də Patrul Polis Departamentinin rəhbərləri və əməkdaşları ilə görüşüb.
Gela Geladze polis bölmələrinin rəhbərlərindən onların xidmət ərazisində cinayətkarlığa qarşı mübarizə, profilaktik tədbirlər və yol hərəkəti təhlükəsizliyi ilə bağlı vəziyyət barədə məlumat alıb.
Nazir həmçinin Acara bölgəsində yerləşən Daxili İşlər Nazirliyinin digər struktur bölmələrini də ziyarət edib. O, əməkdaşlarla söhbət edib, onların iş şəraiti, texnika və avadanlıqları ilə tanış olub.
Gela Geladze Batumi Beynəlxalq Hava Limanında da olub və burada sərhəd nəzarətçiləri və Mühafizə Polisi Departamentinin əməkdaşları ilə görüşüb.
Acara bölgəsində keçirilən işgüzar görüşlərdə həmçinin Daxili İşlər nazirinin birinci müavini Roland Meskhi, müavinlər Aleksandre Daraxvelidze, Mariam Tabatadze, Şalva Tadumadze və Giorgi Butxuzi iştirak ediblər.
Görüşlər zamanı bir daha vurğulanıb ki, yay mövsümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələri həm yerli istirahətçilər, həm də xarici qonaqlar üçün təhlükəsiz turizm mühitinin təmin olunması məqsədilə tam hazırlıqdadır.
Nazir əməkdaşlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.