Dağıdıcı zəlzələnin ikinci ildönümü ilə əlaqədar Türkiyənin şəhərlərində məşəllərlə yürüş keçirilib

14:31, 06.02.2025

 
Türkiyədə iki il əvvəl baş vermiş dağıdıcı zəlzələdə həlak olanları yad edirlər. Minlərlə insan ölkənin bir neçə şəhərində məşəllərlə yürüş keçirib, bununla zəlzələ nəticəsində həlak olanların xatirəsini yad ediblər. Bu barədə “Reuters” məlumat yayır.

Türkiyənin Xarici İşlər Nazirliyi zəlzələnin ikinci ildönümü ilə bağlı bəyanat yayıb.

“Zəlzələ nəticəsində zərər çəkən vətəndaşların və onların qohumlarının ağrısını bütün qəlbimizlə bölüşürük. 6 Fevral faciəsinin ildönümündə çətin günlərimizdə bizə dəstək olan ölkələrə bir daha minnətdarlığımızı bildiririk” – qurumun bəyanatında deyilir.

2023-cü ilin fevralın 6-da səhər saatlarında Türkiyənin cənubunda baş verən 7,8 bal gücündə zəlzələdə 53 mindən çox insan, qonşu Suriyada isə daha 6 min insan həyatını itirib.

Yeraltı təkanlar nəticəsində Türkiyədə 400 minə yaxın bina dağılıb, 200 minə yaxın bina isə zərər görüb. Zərərçəkmiş vətəndaşlardan bəziləri bu vaxtadək müvəqqəti sığınacaqlarda yaşayır.

Oxşar