Cozef Borrell və Avropa Komissiyası birgə bəyanat yayırlar - Gürcüstanın siyasi spektrində konstruktiv və inklüziv dialoq indi ən mühümdür
Siyasi spektrdə konstruktiv və inklüziv dialoq indi ən mühümdür. Avropa Şurasının 17 oktyabr tarixli rəylərinə uyğun olaraq, Avropa İttifaqı Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar qəbul etməyə çağırır – bu haqda Avropa İttifaqının ali nümayəndəsi, Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında qeyd olunub.
“Oktyabrın 26-da, şənbə günü Gürcüstan vətəndaşları parlament seçkilərində səs verdilər. Avropa İttifaqı parlament seçkilərindən əvvəlki hadisələri, proseslərin inkişafını yaxından müşahidə edirdi. Ötən aylarda gürcü xalqı demokratik dəyərlərlə və ölkənin Avropa yolu ilə bağlılığını nümayiş etdirdi. ATƏT/DTİHB-nin rəhbərliyi ilə həyata keçirilmiş Beynəlxalq Seçki Müşahidə Missiyasının ilkin müşahidələrinə və rəylərinə əsasən, seçki günü ümumilikdə prosedur cəhətdən yaxşı təşkil edilmiş və nizamlı şəkildə keçirilmişdi, lakin gərgin mühit, səsvermənin gizliliyi baxımından tez-tez pozuntular və bir neçə prosedur baxımından uyğunsuzluq, eləcə də seçicilərin qorxudulması və təzyiq haqda məlumatlar ilə səciyyələnib, bu da ictimaiyyətin prosesə olan etimadına mənfi təsir göstərib. Seçicilərə təzyiq halları, xüsusən də dövlət sektorunun işçilərinə, kampaniya dövründə yenə də geniş yayılmışdı. Bu, seçki günü seçicilərin geniş şəkildə izlənilməsi ilə birlikdə, bəzi seçicilərin qisas qorxusu olmadan öz səslərini verə bilmələri ilə bağlı narahatlıqları artırdı. Üstəlik, seçki müşahidəçiləri qeyri-bərabər şəraitin olduğunu, qütbləşmiş mühitdə qarşıdurmalı kampaniya olduğunu bildirirlər və son vaxtlardakı qanunvericilik dəyişikliklərinin seçki prosesinə təsiri ilə bağlı mühüm narahatlıqlarını ifadə edirlər. Biz Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər aidiyyəti qurumları öz vəzifələrini yerinə yetirməyə, seçki pozuntularını və bununla əlaqəli ittihamları sürətlə, şəffaf və müstəqil şəkildə araşdırmağa və müzakirə etməyə çağırırıq. Bu pozuntular müəyyən edilməli və düzəldilməlidir. Bu, seçki prosesinə etimadın bərpası üçün zəruri addımdır” – bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, Avropa İttifaqı ATƏT/DTİHB-nin yekun hesabatını və tövsiyələrini gözləyir və bu, ən qısa zamanda həyata keçirilməlidir.
“Siyasi spektrdə konstruktiv və inklüziv dialoq indi ən mühümdür. Avropa Şurasının 17 oktyabr tarixli rəylərinə uyğun olaraq, Avropa İttifaqı Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar qəbul etməyə çağırır. Bu kontekstdə Avropa İttifaqı xatırladır ki, Gürcüstan vətəndaşlarının fundamental hüquq və azadlıqlarına xələl gətirən və Avropa İttifaqının üzərində qurulduğu dəyər və prinsiplərə zidd olan istənilən qanunvericilik ləğv edilməlidir” – Avropa Komissiyası və ali nümayəndənin birgə bəyanatında qeyd olunub.