İtaliyanın Baş naziri ABŞ-ın Avropa ölkələrinə qarşı tariflər tətbiq etməklə bağlı hədəsini səhv adlandırıb. Bu barədə İtaliya hökumətinin başçısı Seulda açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Prezidenti ilə danışıb və Qrenlandiya ətrafında yaranmış vəziyyətin kifayət qədər aydın olmayan kommunikasiya nəticəsi olduğunu düşünür.
“Qrenlandiyanın təhlükəsizliyinin təmin olunmasına töhfə vermək qərarı alan ölkələrə tariflərin tətbiq edilməsini səhv hesab edirəm və bu yanaşmanı bölüşmürəm. Donald Trampla danışdım və bunu ona bildirdim. Həmçinin NATO-nun baş katibi ilə danışdım və Avropalı tərəfdaşlarla da danışmağı planlaşdırıram. Burada yanlış anlaşılma və kommunikasiya problemi var, çünki Avropa ölkələrinin Qrenlandiyaya hərbi qüvvə göndərməsi təşəbbüsü anti-Amerika kontekstində dəyərləndirilməməlidir”, – deyə Corciya Meloni bildirib.
Onun sözlərinə görə, Qrenlandiya ətrafında yaranmış vəziyyət NATO çərçivəsində nəzərdən keçirilməlidir. İtaliya hökumətinin başçısı bildirib ki, Arktika bölgəsindəki mövcud vəziyyətlə bağlı ABŞ-ın narahatlığını paylaşır. Onun sözlərinə görə, bu region strateji baxımdan həlledici əhəmiyyətə malikdir.
“Birlikdə işləmək, dialoqa qayıtmaq və eskalasiyaya yol verməmək lazımdır”, – deyə İtaliyanın Baş naziri vurğulayıb.
Qeyd edək ki, Donald Tramp Danimarkanın ərazi bütövlüyünü dəstəkləyən və öz hərbi qüvvələrini Qrenlandiyaya göndərən bütün ölkələrə qarşı ticarət tarifləri tətbiq edəcəyini açıqlayıb. ABŞ Prezidentinin sözlərinə görə, 10%-lik tariflər fevralın 1-dən Danimarka, İsveç, Fransa, Almaniya, Niderland, Finlandiya, Norveç və Böyük Britaniyaya tətbiq olunacaq. Onun sözlərinə görə, Qrenlandiya məsələsi ilə bağlı razılaşma əldə olunmazsa, iyunun 1-dən tariflər 25%-ə qədər artırılacaq. Vaşinqtonda bildirirlər ki, tariflər Qrenlandiya ABŞ-ın mülkiyyətinə keçənədək qüvvədə qalacaq. Trampın sözlərinə görə, adaya sahib olmaq ABŞ-ın milli təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır. Xüsusilə, ABŞ Prezidentinin bildirdiyinə görə, bu ərazi raket hücumlarından müdafiə üçün nəzərdə tutulan yeni “Qızıl Günbəz” sisteminin effektiv fəaliyyəti üçün zəruridir.