Corcia Meloni Roma Papası XIV Leo ilə telefon danışığı zamanı Vatikanın Ukraynada müharibəni bitirmək məqsədilə davam edən danışıqlar üçün platformanı təmin etməyə hazır olması barədə razılıq alıb
İtaliyanın Baş naziri Corcia Meloni Roma Papası XIV Leo ilə telefon danışığı aparıb və Vatikanın Ukraynada müharibəni bitirmək məqsədilə davam edən danışıqlar üçün platformanı təmin etməyə hazır olması barədə təsdiqini alıb. Bu barədə İtaliya hökumətinin mətbuat xidməti açıqlayıb.
Məlum olduğu kimi, Meloni Ukraynada ədalətli və möhkəm sülhün təmin edilməsi üçün növbəti addımlar barədə Roma Papası ilə telefon danışığı aparıb.
Kommunikedə qeyd olunur ki, bundan əvvəl avropalı liderlər və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Məhz bu söhbət zamanı Melonidən Müqəddəs Taxt-tacın Vatikanda danışıqları qəbul etməyə hazır olduğunu öyrənməsini xahiş ediblər.
Bununla yanaşı, Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıb və Donald Trampla dialoqu müzakirə edib.